20 İyun 2014 21:49
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd Seyidov: "Azərbaycan olmasaydı, Gürcüstan assosiasiya sazişini imzalaya bilməzdi"

"Bu gün Azərbaycan Avropa üçün Avropanın bu regiona etdiyindən daha çox edir. Bilirsiniz ki, iyunun 27-də Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayacaq. Azərbaycan isə Avropa İttifaqı ilə strateji əməkdaşlıq məsələlərini əhatə edən bir sazişin hazırlanması ilə bağlı öz müsbət münasibətini bildirib. Amma gəlin baxaq, Gürcüstan assosiasiya sazişini Azərbaycanın bu ölkəyə köməyi, dəstəyi olmadan imzalaya bilərdimi? Heç vaxt. Ona görə ki, Azərbaycanın apardığı siyasət Gürcüstanın müstəqil siyasət aparmasına böyük yardım göstərir. Məhz bu siyasətin nəticəsi əsasında da assosiasiya sazişi imzalanır. Amma bu dəstəyi Avropa edə bilmədi, Avropa Gürcüstanın işğal altında olan torpaqları ilə bağlı ciddi addımlar atmaq iqtidarında olmadı. Azərbaycan isə birmənalı şəkildə həm Gürcüstanın, həm Moldovanın, həm də Ukraynanın torpaqlarının işğal edildiyini bütün beynəlxalq qurumlarda birmənalı şəkildə bəyan edib və bu məsələdə bir mövqedən çıxış edib".

Bunu YAP-ın saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, əlavə edib ki, Azərbaycanın siyasəti öz maraqlarına cavab verməklə yanaşı, qonşu ölkələrin, xüsusilə Gürcüstanın, Moldovanın, Ukraynanın və başqa ölkələrin Avropaya yaxınlaşmasına əsas yaradır:

"Bu o deməkdir ki, biz assosiasiya sazişi imzalamağa hazırlaşan həmin ölkələrdən Avropaya daha yaxınıq. Bu sözləri sübut etmək üçün Azərbaycan-Avropa iqtisadi əlaqələrinə diqqət yetirmək kifayətdir. "Şərq tərəfdaşlığı" ölkələri içərisində Avropa ilə ən yüksək iqtisadi əlaqələr Azərbaycana məxsusdur. Vilnüs sammitində Ukraynanın o vaxtkı rəhbərliyi assosiasiya sazişi imzalamaqdan imtina etdi və bununla da ölkədə böyük problemlər yarandı. Həmin sammitdə Ukraynanın bu addımı xeyli tənqidə məruz qaldı. Amma sammitdə bu sazişi imzalamadığı təqdirdə Azərbaycanı alqışlayırdılar, dəstəkləyirdilər. Çünki sammitdə Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinə dair məruzə dinlənildi və məlum oldu ki, Azərbaycan adını çəkdiyim üç ölkənin birlikdə əlaqələrindən daha çox Avropa ilə iqtisadi əlaqələrə malikdir. Bununla da, görünürdü ki, kim daha çox Avropaya üz tutub. Amma bizə təsir edən odur ki, bu məsələni dərindən öyrənməyən, başa düşməyən insanlar birləşib assosiasiya sazişini oxumadan, dərk etmədən, Azərbaycanın geosiyasi rolunu anlamadan ölkəmizi tənqid edirlər. Bütün bunlara qarşı da biz öz münasibətimizi bildiririk".

S.Seyidov Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında manevrlər etməsinə münasibət bildirərkən deyib ki, əslində Ermənistanın siyasətini təhlil etmək o qədər düzgün deyil:

"Çünki hansısa müstəqil dövlətin yürütdüyü siyasətlə bağlı fikir yürütmək doğru olardı. Ermənistanın apardığı işlər ona gətirib çıxarıb və bütün beynəlxalq təşkilatlarda da gözəl bilirlər ki, Ermənistan müstəqil dövlət deyil, ümumiyyətlə dövlət deyil. Yəni öz müqəddəratını müəyyən edə bilməyən bir "dövlət"lə hansı münasibətlərdən söhbət gedə bilər? Ermənistanda Avropa İqtisadi Birliyinə, yaxud Gömrük İttifaqına qoşulmaqdan nə qədər istəyirlər danışsınlar, amma onların fikirlərinə əhəmiyyət verən beynəlxalq təşkilat yoxdur. Bu yaxınlarda Rusiyanın radiokanallarının birində bir verilişi dinləyirdim. Orada müxtəlif ölkələrin siyasətindən fikirlər gedirdi. Söhbət əsnasında Ermənistanın Gömrük İttifaqına qoşulmasından və sair məsələlərdən də danışanlar oldu. Bu zaman verilişin aparıcısı dedi ki, danışanda diqqətli olmaq lazımdır, Ermənistan müstəqil deyil, ona görə də başqa ölkələrin siyasətindən danışmaq lazımdır. Təsəvvür edin, Ermənistan hakimiyyəti öz ölkəsini elə vəziyyətə salıb ki, onun haqda radionun bir verilişində belə danışmağa lüzum görmürlər. Hətta Ermənistanın özündə də rusiyapərəst qüvvələrin özləri də hansı vəziyyətə düşdüklərini etiraf edirlər. Ermənistan heç bir ölkə ilə normal münasibət qura bilmir. Belə ölkənin gələcəyi ola bilməz. Təsəvvür edin, onun 4 sərhəd qonşusu var və bu qonşulardan üçünə qarşı ərazi iddiaları ilə çıxış edir. Belə ölkə regionda öz gələcəyinə ümidlə baxa bilərmi? Əlbəttə, yox. Bu ərazinin aqibəti böyük sual altındadır. Ona görə də hesab edirəm ki, Ermənistan öz yolunu seçə bilməyəcək. Çünki seçim etmək üçün güc olmalıdır, dövlət kimi mövqeyi və cürəti olmalıdır.

Ermənilərdə bunların heç biri yoxdur. Ermənistan yalnız terror, yalan və şantaj ixrac edir və bundan istifadə edərək pul qazanır. Belə yaşamaq isə mümkün deyil".

S.Seyidov Azərbaycan Avropa Şurasına sədrliyi və AŞ PA-nın yaxın günlərdə keçiriləcək yay sessiyası barədə də danışıb. O qeyd edib ki, Avropa Şurasına sədrlik rotasiya prinsipi əsasında həyata keçirilsə də, belə bir təşkilata sədrlik etmək şərəfli məsələdir: "Bildiyiniz kimi, hazırda Azərbaycan 6 ay müddətində təşkilata sədrlik edəcək. AŞ PA-nın iki sessiyası - yay və payız sessiyaları Azərbaycanın sədrliyi dövründə olacaq. Qarşıdan gələn yay sessiyasında Azərbaycan prezidenti və xarici işlər naziri iştirak edəcək.

Sessiyanın birinci günü xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi çıxış edəcək. Sessiyanın ikinci günündə isə Prezident İlham Əliyevin çıxış edəcəyi gözlənilir.

Ümumilikdə, təşkilatın yay sessiyasında bir sıra məsələlər də müzakirə olunacaq. Əminik ki, biz sədrliyimiz dövründə həm Avropa dəyərlərini, həm də Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edəcəyik. 6 ay ərzində Avropaya Azərbaycanla bağlı məlumatları daha geniş şəkildə çatdıracağıq və bu yöndə müxtəlif tədbirlər keçiriləcək. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi gündəmdə olacaq".

SƏXAVƏT


Müəllif: