24 İyun 2014 10:46
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçirilən dünya çempionatında qrup mərhələsinin 2-ci turu da yekunlaşdı. Dünən 3-cü turun oyunlarına start verildi. Artıq növbəti mərhələyə adlayan və evə yollanacaq bəzi komandaların adları bəllidir. Onlar haqda məlumat verəcəyik.

Ancaq əvvəlcə onu deyək ki, dünya çempionatı gözlənildiyindən də maraqlı keçir. Braziliyada komandalar daha çox açıq və baxımlı futbola üstünlük verir. Məhz bunun nəticəsidir ki, qollu qarşılaşmaların sayı çoxdur. Stadionlarda isə möhtəşəm ab-hava hökm sürür. Tribunalara toplaşan azarkeşlər mundialın ləzzətini böyük zövqlə çıxarırlar. Güman edirik ki, oyunları televiziya qarşısından izləyənlər də narazı qalmamalıdırlar. Braziliyada hər şey var - baxımlı futbol, emosiya, həyəcan, sensasiya.

Elə başlayaq sensasiyalardan

Təbii ki, mundialın ən böyük sensasiyası son dünya çempionu İspaniyanın yaşadığı fiaskodur. Əslində ilk 2 turdan sonra Avropa komandalarının Braziliyada böyük çətinliklə üzləşdikləri aydın sezilir. Təbii ki, bunun başlıca səbəbi vaxt fərqidir. Futbolçuların orqanizmi Avropa ilə Amerikanın vaxt fərqinə uyğunlaşmayıb hələ. Ola bilsin ki, müəyyən müddətdən sonra bu problem aradan qalxacaq və Avropa komandalarının oyun keyfiyyətində də yüksəliş hiss olunacaq. Ancaq qorxasan o vaxta qədər Braziliyada Avropa komandası qalmasın...

Artıq İspaniya evə qayıtmaq üçün bilet sifariş verib. Böyük ümidlərlə Braziliyaya yollanan İngiltərə də əli ətəyindən uzun qayıdır Cənubi Amerikadan. İtaliya da qrup mərhələsində inamlı təsir bağışlamır. Təbii ki, “qrup mərhələsində zəif çıxış etmək İtaliyanın ənənəsidi” deyib, onların qrupdan çıxacağına ümid bəsləyənlər var.

Ancaq, deyəsən, bu həna o hənadan deyil. Kosta-Rika ilə qarşılaşmada meydanda gəzişən italyanlar İngiltərə ilə oyunda özlərini suda balıq kimi hiss edən Suaresli Uruqvay qarşısında nə edəcəklər?
Qayıdaq yenidən İspaniyanın üzərinə. İspanların uğursuzluğunu təkcə saat rejiminə uyğunlaşa bilməməklə əlaqələndirmək düzgün deyil. Bu heyət artıq qocalıb. 2 dəfə Avropa, bir dəfə dünya çempionu olan İspaniya millisinin hazırkı heyəti qocalıb. Qocaldıqca da təravətini və çevikliyini itirib.
Reallıqla barışmaq lazımdı, dünən meydanlarda xarüqələr yaradan İspaniyada nəsil dəyişmə prosesi olmalıdı. Olacaq da yəqin.

Bu, hər oğulun işi deyil, Ronaldo

Portuqaliya millisinin ilk 2 turda cəmisi 1 xal qazanması isə gözlənilməz olmamalıdı. Hələ seçmə mərhələnin oyunları zamanı Portuqaliya millisində ciddi problemlərin olduğu aşkar sezilirdi. Zəif qrupda mübarizə aparmasına rəğmən, Rusiyanı özündən irəli buraxması bunun əyani göstəricisi idi.
Pley-offda isə məhz Ronaldonun qəhrəmanlığı sayəsində İsveç məğlub edildi. Braziliyada isə Ronaldo da zərərsizləşdirildiyindən Portuqaliya olduqca aciz görünür. Ronaldo hər nə qədər istedadlı futbolçu olsa da, bütöv bir komandanın yükünü çəkəcək gücə sahib deyilmiş. Müasir futbolda bu yükü çəkmək hər oğulun işi deyil.

Braziliyada hələ ki, ən baxımlı və rəngarəng futbolu Çili və Meksika göstərir. Bu komandaların heyətində Avropada top qovan yetərincə təcrübəli futbolçular var. Braziliya da ev sahibi kimi işinin öhdəsindən gəlməyi bacarır.

Ancaq meydan sahiblərinin problemləri də diqqətdən qaçmır. Təkcə Neymara güvənməklə iş bitmir. Digər futbolçular da üzərlərinə düşən yükü qaldırmağa qadir olmalıdırlar.

Sözsüz ki, mundialın ən səs-küylü komandası Kosta-Rikadı. 3 dünya çempionunun yer aldığı qrupdan çıxmağı bacarmasının adı “super qəhrəmanlıq”dı. Kosta-Rika Braziliyada möcüzə gerçəkləşdirdi. Bundan sonra onların hara qədər gedəcəyi önəm kəsb etmir.

Artıq 2014-cü il mundialı deyəndə ilk növbədə Kosta-Rika xatırlanacaq. Lap çempiondan da əvvəl.

Əskisi tüstülü FİFA-nın hakim problemi

FİFA dünya çempionatında yeni texnologiya tətbiq edib. Topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün tətbiq edilən bu texnologiya Fransa-Honduras qarşılaşmasında işə yaradı. Ancaq bu texnologiyanın tətbiqi də hakim səhvlərinin sayını azaltmayıb. Braziliya ilə oyunda Xorvatiyanın qapısına təyin edilən şübhəli penaltinin üstündən “meydan sahiblərinə rəğbət” deyərək keçdik. Bəs Kamerun-Meksika oyununda hesaba alınmayan 3 təmiz qola nə ad verək? Yaxud Nigeriya ilə qarşılaşmada Braziliyada göstərdiyi oyunla hər kəsin rəğbətini qazanmış Bosniya və Hersoqovinanın təmiz qolunun sayılmaması nəyin təzahürüdü?

Məhz bu ədalətsizliyin ucbatından bosniyalılar qrupdan çıxmaq şansını itirdilər. Bəs bu komandanın yerə vurulan zəhmətinin bədəlini kim ödəyəcək? Görünən odur ki, FİFA hakimliklə bağlı ciddi problemlər yaşayır. Bunun əsas səbəblərindən biri də hakimlərin seçiminə bağlıdı.

Ali futbol qurumu dünya çempionatında bütün qitələrin təmsil olunmasına çalışır. Bu da son nəticədə zəif hakimlərin mundialda fit çalmasına gətirib çıxardır. Hakimlər xüsusən oyundankənar vəziyyətin müəyyənləşdirilməsində kobud səhvlərə yol verirlər. FİFA ya bu problemi aradan qaldırmalı, ya da yeni texnologiyanı oyundankənar vəziyyətlərin qeydə alınmasına da tətbiq etməlidir.

Vəziyyət belə davam etdikcə, narazılıqlar da artacaq. Onsuz da FİFA-nın əskisi tüstülüdü, qurum rəsmiləri korrupsiyada ittiham olunur. Dünya çempionatında baş verən hakim səhvləri FİFA-ya qarşı əlavə cəbhənin açılmasına şərait yaradır.

Pərdəarxası oyunlar...

Sözsüz ki, dünya çempionatı təkcə yarış deyil. Mundial həm də yaxşı gəlir vəd edən turnirdi. Gəlir olan yerdə isə biznes maraqları da ön plana çıxır.

Mundiala sponsorluq edən şirkətlər üçün futbol dəyəri ikinci planda olur. Onlar qaz vurub, qazan doldurmaq istəyindədirlər. FİFA da sponsorların nazı ilə oynamaq məcburiyyətində qalır. Belə olan təqdirdə bəzi pərdəarxası oyunlar da oynanılır. Elə FİFA-nın özü də dünya çempionatından xeyli gəlir əldə edəcək. Üstəlik, çempionata ev sahibliyi edən Braziliya da gəlir haqda düşünür.

Deməli, belə olan təqdirdə böyük və varlı ölkələrin Braziliyada daha çox qalması məqsədəuyğundur. Belə ölkələr Braziliyada çox qaldıqca, varlı ölkələrdən turist axını da səngiməyəcək.

Maradonanın qəzəbi və...

Kosta-Rika kimi kiçik ölkənin növbəti mərhələyə adlaması azarkeşlərə nə qədər zövq versə də, sponsorları bir o qədər məyus etdi.

Və ardınca pərdəarxası oyun işə düşdü. Məsələ burasındadır ki, İtaliya ilə oyundan sonra Kosta-Rikanın düz 7 futbolçusu dopinq-testə cəlb olunub. Təbii, mundialda iştirak edən bütün futbolçular dopinq-testdən keçməlidi. Ancaq bu şəkildə yox. FİFA hələ mundialdan öncə futbolçuların 90 faizindən dopinq-test götürüb. Sevindirici məqam odur ki, bircə analiz də müsbət nəticələnməyib. Qalan 10 faiz futbolçudan dopinq-test çempionatın gedişində götürülməlidi. Qarşılaşmalardan sonra.

Ancaq İtaliya ilə oyundan sonra Kosta-Rikanın az qala bütün heyəti dopinq-testə cəlb olundu. Sözsüz, bu, kiçik ölkəyə qarşı əlavə təzyiq vasitəsi sayılmalıdı. Bu addım futbolun canlı əfsanəsi Dieqo Maradonanı da özündən çıxardıb. Maradona olaya belə münasibət bildirib: “Bu, mövcud qaydalara hörmətsizlikdi. Nəyə görə 7 kosta, rikalı birdən-birə dopinq nəzarətinə cəlb olunur, italyanlara münasibətdə belə qərar çıxarılmır? Bu sualın cavabını yaxşı bilirəm. Axı çoxları Kosta-Rikanın üç favorit arasından qrup mərhələsini birinci adlamasına görə məyusdu. Adalıların uğuru bəzilərini sponsorların külli miqdarda pulundan edib”.

“Yekədiş”in sevinci

Futbolun canlı əfsanəsi hər şeyi çılpaqlığı ilə deyib. Ancaq biznes maraqları olan yerdə futbolun mənəvi dəyərlərinin tapdalanması da qaçılmaz olacaq. Bütün bunlara rəğmən, Braziliyada hələ ki, futbolun əsl dəyəri öz sözünü deyir. Geridə qalan oyunlar planetin bütün nöqtələrində insanlara zövq bəxş edib.
36 yaşlı Miroslav Klozenin 4-cü dünya çempionatında 15-ci qolunu vurması da yaşadığımız futbol sevincinin bir elementidi. Bu məqam Braziliya futbolunun əfsanəsi Ronaldonu da riqqətə gətirib: “Kloze, kluba xos gəlmisən. Sənin sevincinin nə dərəcədə olduğunu təsəvvür edirəm. Ah, necə gözəl çempionat keçir”.

“Yekədiş” tamamilə haqlıdı. Hələ qarşıda xeyli oyun var. Mundialdan zövq almağa davam edin. Zövq alın ki, zövqünüz kamil olsun.

Natiq Muxtarlı


Müəllif: