23 İyul 2016 14:44
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci gününə start verilib. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə gimnastlar gürzlər və lentlə fərdi proqram üzrə çıxış edirlər. Bu proqram üzrə yarışlarda Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyurlar.

Daha sonra qrup hərəkətləri yarışında gimnastlar 3 gürz və 2 halqa ilə mübarizəyə qoşulacaqlar. Qrup hərəkətləri yarışlarında ölkəmizi Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep təmsil edirlər.

Bu il dünya kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı dörd nəticəyə əsasən, birinci yeri tutan gimnastlar və qruplar mükafatlandıracaqlar.


Müəllif: