23 İyul 2016 19:54
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idman yarışlarının təşkilində ekspertdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Andre Qaysbuhler deyib.

O qeyd edib: "Azərbaycan artıq birinci il deyil ki, gimnastika üzrə müxtəlif yarışlar təşkil edir - Dünya Kuboku, Avropa çempionatı, Avropa Oyunları. Siz bu işdə ekspertsiniz. Bu zal möhtəşəmdir, yarışların təşkili sadəcə idealdır - hər şey yüksək səviyyədə təşkil edilib. Qarşıda daha bir yarış günü var. Əgər sabah da bugünkü kimi keçsə, qiymətləndirmə 10 bal olacaq".

Son illərdə ölkədə gimnastikanın inkişafına toxunan baş katib bildirib ki, Azərbaycan bədii gimnastika üzrə aparıcı ölkələrdən birinə çevrilib:

"Düşünürəm ki, siz böyük tərəqqi əldə etmisiniz. Azərbaycan bədii gimnastikada aparıcı ölkələrdən biridir. Sizin digər gimnastika növlərində də inkişaf etmək imkanınız var. Əlbəttə, siz olimpiadada idman gimnastikasında favoritlərdən deyilsiniz, lakin düşünürəm ki, belə davam etsəniz, gimnastlarınız bədii gimnastikadakı kimi məşq etsələr, yaxşı nəticələr olacaq. Bir neçə ildən sonra görəcəyik ki, bütün gimnastika növləri bədii gimnastikanın səviyyəsinə çatıb".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.


Müəllif: