29 İyul 2016 00:10
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ”nin prezidenti Tale Heydərov “Lill”lə oyundan sonra Qol.az-ın Fransaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Qəbələ” çətin “Lill” səfərində 1:1 hesablı heç-heçəyə nail oldu. Bu nəticəyə görə sizi təbrik etmək olar?

- Bəli, olar. Səfərdə qeydə alınan 1:1 hesabı bizim üçün əlverişli nəticədir. İndi cavab oyununu düşünməliyik.

- Ümumiyyətlə, “Qəbələ”nin bugünkü çıxışını necə dəyərləndirə bilərsiniz?

- “Lill”in gücü hər kəsə bəllidir. Bu gün böyük tarixi və böyük büdcəsi olan komandaya qarşı oynadıq. “Lill” son Fransa çempionatında beşinci olub. Səfərdə komandamız sərfəli nəticə qazandı. Hələ ki, 1:1 hesabı bizə sərf edir.

- Qarşılaşmadan əvvəl 1:1 hesabını gözləyirdiniz?

- Açığı, oyundan əvvəl komanda ilə söhbətimiz olmuşdu. Bildirilmişdi ki, futbolçular maksimum güclərini meydanda qoymalıdırlar. Baş məşqçimiz başda olmaqla, bütün futbolçulara deyilmişdi ki, mərhələni keçəcəyimiz halda bu uğuru Cavid Hüseynova həsr edəcəyik. Buna görə də komanda bütün gücünü meydanda qoymalıdır. Futbolçular da sağ olsunlar ki, bu gün meydanda tam gücləri ilə mübarizə apardılar. Komanda bu gün bizi sevindirdi.

- Yeni transfer gözlənilirmi?

- Hazırda yeni hücumçu axtarışındayıq. Bir futbolçunu heyətimizə qata bilərdik. Lakin onun səhhəti ilə bağlı problem ortaya çıxdı. Ona görə də axtarışlarımız davam edir. Komandaya 1 hücumçu lazımdır.

- “Qəbələ” Avroliqada son 2 ildə inamlı çıxışı ilə yadda qalsa da, ev oyunlarında azarkeş sarıdan problem yaşayır. Bu çətinliyi yoluna qoymaq üçün hansı addımlar atmağı planlaşdırırsınız?

- Biz hər zaman azarkeşləri stadionlara cəlb etməyə çalışırıq. Bunun üçün müxtəlif kampaniyalar da aparılır. Amma azarkeş marağı təbii olmalıdır. Azarkeşlər özləri stadiona gəlməlidirlər. Azərbaycanda çox adam televiziya vasitəsi ilə futbola baxmağa üstünlük verir. Yaxşı olardı ki, komandaya dəstəyi stadiondan versinlər. Çünki azarkeşlərin dəstəyi komandaya əlavə güc verir. Futbolçulara stadiondan nə qədər çox dəstək verilsə, bir o qədər yaxşı olar. Futbolda rəhbərlik, məşqçilər, futbolçular, jurnalistlər uğur qazanmaq üçün hər şey edirlər. Azarkeşlər də üzərinə düşəni etməlidirlər. Bunu vətəndaş borcu kimi görmək lazımdır. Şəxsən mən “Qarabağ” və digər klublarımızın oyunlarında stadiona gedirəm. Ona görə yox ki, mən klub prezidentiyəm. Bunu azarkeş kimi edirəm.

- “Qarabağ”ın çıxışını izlədiyinizi dediniz. Bu komandanın Çempionlar Liqasındakı şanslarını necə dəyərləndirirsiz? “Qəbələ” kimi “Qarabağ” da ilk görüşdə səfərdən heç-heçə ilə qayıdıb.

- Mən özüm “Qarabağ”a azarkeşlik edirəm. İlk növbədə adına görə. Qarabağa görə bütün Azərbaycan bu klubu dəstəkləyir. Digər tərəfdən də “Qarabağ”ın oyun üslubunu çox bəyənirəm. Baş məşqçi və futbolçulara böyük hörmətim var. Onlar düzgün yoldadırlar. Komanda çox gözəl oyun göstərir. Səfərdə heç-heçə ediblər. Ümid edirəm ki, növbəti oyunda qələbə qazancaqlar.

- Daxilinizdə “Lill”i mübarizədən kənarlaşdıracağınıza əminlik var?

- Xeyr, qətiyyən yoxdu. Gördüyünüz kimi, bugünkü oyun çox çətin keçdi. Rəqibin şansları var idi. Komandamız əzmkarlıq göstərdi, bir qədər bəxtimiz də gətirdi. Bakıdakı oyun asan olmayacaq. “Qəbələ” hazırda mərhələni keçmək üçün favorit deyil. Səfərdə sərfəli nəticə qazansaq da, arxayınlaşmamalıyıq. Var gücümüzlə cavab oyununda mübarizə aparmalıyıq.

- “Lill”i mübarizədən kənarlaşdırmaq mümkün olsa, komandanın alacağı mükafat əvvəlkilərdən fərqlənəcək?

- Bəli. Hazırda əvvəlki mərhələlərlə müqayisədə daha güclü rəqiblə oynayırıq. Büdcəsi 75 milyon avro olan kluba qarşı mübarizə aparırıq. “Lill”i üstələmək asan tapşırıq deyil. Komanda buna müvafiq olaraq mükafat alacaq.


Müəllif: