13 Yanvar 12:35
1 876

Teleqraf.com "Tatami" adlı yeni layihəyə başlayır.

Layihədə idmançıların məşq prosesini əks etdirən fotosessiya və müsahibələr təqdim olunacaq. Məqsəd idmançıların əldə olunan qalibiyyətlərinin ağır zəhmətə dayandığını göstərmək, onların görünməyən tərəflərini ictimaiyyətə təqdim etməkdir. İlk qonağımız bizi dəfələrlə beynəlxalq idman yarışlarda sevindirən taekvondoçu Fəridə Əzizovadır.

Gənc taekvondoçu haqqında qısa arayış:

Fəridə Şıxəhməd qızı Əzizova 1995-ci il iyunun 6-da Qusarda anadan olub. Onun şəxsi məşqçisi Səbuhi Zülfüqarovdur. Fəridə Əzizova birinci uğurunu 2007-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində qazanıb - gənclər arasında Avropa Çempionatının bürünc medalını əldə edib. 2008-ci ildə isə Fəridə Əzizova yeniyetmələr arasında Dünya çempionu olub. Növbəti il isə Fəridə Əzizova Serbiyanın paytaxtı Belqrad şəhərində gənclər arasında Avropa Çempionatında qızıl, Trilleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatında isə bürünc medal qazanıb. 2012-ci ildə həmçinin Fəridə Əzizova Yay Olimpiya Oyunlarında lisenziya xaraкterli yarışın qalibi olub və London Olimpiadasına vəsiqə qazanıb. Qeyd edək ki, Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taekvondoçu olub.

Fəridə, 2003-cü ildən taekvondo ilə məşğulsan. Bu günə kimi məğlubiyyət və qalibiyyətlərinin sayını dəqiq bilirsənmi?

- 14 il ərzində çox yarışda iştirak etmişəm, bir il ərzində ən azı 8 yarışa gedirik. Bütün yarışlardakı nəticələri yadda saxlamaq çox çətin olur. Əsas yaddaqalan yarışlar Avropa, dünya çempionatları və əlbəttə ki, Olimpiya Oyunlarıdır. 2011-ci ildə Bakıda Dünya Təsnifat Turniri keçirilirdi, London Olimpiya Oyunlarına lisenziya turniri idi, o zaman İsveç idmançısı ilə döyüşdüm və o döyüşü udandan sonra Olimpiya Oyunlarına qatılan ilk qadın taekvondoçusu kimi tarixə düşdüm. Həmin mübarizəni ən yaddaqalan döyüşlərdən biri hesab edirəm.

İdman həyatında "İdmançı şansı" deyilən bir anlam da var. Sən öz şansını necə dəyərləndirirsən?

- Mən buna "idmançı şansı" yox "şanslı idmançı" deyərdim. O ki, qaldı mənim şansıma, həmişə çalışıram ki, öz işimi şansa buraxmayım. Daim üzərimdə işləməklə bunun da öhdəsindən gəlirəm.

Yeri gəlmişkən, müsahibələrinin birində demisən ki, yaxşı idmançı olmaq üçün çoxlu məşq etmək lazımdır. Bəs, Fəridə gün ərzində neçə saat məşq edir?

- Gün ərzində 4 saat olmaqla həftənin 6 günü məşq edirəm. Bu intizamla buralara kimi gəlmişəmsə, bundan sonra da hədəflərimə çatacağıma əminəm.

Məşğul olduğun idman növü dəqiqliyi çox sevir. Qalibiyyət dəqiq vurulan zərbələrə görə hesablanır. Elektron jiletlər bu işi bir az da çətinləşdirmədimi?

- Bəli taekvondoda fikrini cəmləməyi bacarmalısan. Bu mənada elektron jilet işi çətinləşdirdi deməzdim. Çünki indi idmançının özündən çox şey asılıdır. O, güclü, hazırlıqlı və ağıllı olsa, həmişə rəqibinə üstün gəlməyi bacaracaq.

Qarşıda hansı yarışlar var, hazırki məşq hansı yarış üçündür?

- Respublika birinciliyi uğrunda mübarizə məni gözləyir. Yanvarın 20-21-i yuxarı yaş kateqoriyasındakı idmançıların döyüşü olacaq. Hazırkı hədəfim bu yarışda birinciliyi əldə etməkdir.

2017-də İslam Həmrəylik Oyunlarından sonra müalicə üçün idmandan ayrılmaq fikrində olduğunu demişdin. Müalicənin nəticəsindən asılı olaraq, tatamiyə qayıtmağın da sual altında idi. Bəs, özünü idmandan kənarda necə təsəvvür edirsən?

- Müalicəyə 2016-cı ildə Rio Yay Olimpiya Oyunlarından sonra başladım. Artıq heç bir problem yoxdur. Ona görə də idmandan ayrılmağım üçün heç bir ciddi səbəb qalmayıb.

2020-də səni Tokio olimpiadasında görmək ehtimalı nə qədərdir?

- Tokio Olimpiya Oyunlarına qatılmaq istəyirəm və bunun üçün əlimdən gələni edəcəyəm. Bu, qarşıda olan yarışlardakı nəticələrdən asılıdır. Ən əsası da lisenziya turnirindəki göstəricilərdən…

Bu gün məşq zamanı əl barmağın çıxdı, tatamidən çıxmadan məşqçi yardım etdi. Deyəsən, bu cür zədələrə adət etmisən. Maraqlıdır, xanım olaraq fiziki ağrılara qarşı dözümlü olduğun halda, mənəvi sarsıntılarla necə başa çıxırsan? Sənin üçün hansı daha asandır?

- İdman insanı hərtərəfli yetişdirir. Fiziki məşqlərlə yanaşı zamanla psixoloji olaraq da bərkiyirik. Vaxt keçdikcə barmaq çıxması, sınması kimi kiçik zədələr adi vərdişə çevrilir. Belə olduqda bu, mənim məşqlərimə mane olmur. Həm də ağrıya dözməsək, biz nə idmançı olarıq, nə də qoyduğumuz hədəflərə çata bilərik. Mən peşəkar idmana başlayanda çətin olacağını bilirdim. Bu zədələri də, ağrıları da gözə almışdım. İndi hər hansı ağrı olanda bir şeyi düşünürəm – Sən bu ağrıya yenilməsən, heç bir rəqibinə yenilməzsən.

Eşitmişəm ki, "Dinamo" idman klubundan məşqçi kimi təklif almısan. Sənin üçün öyrənmək daha asandır, yoxsa öyrətmək?

- Düzdür, belə bir təklif var. Amma "Dinamo" dan deyil, başqa klublardan təkliflər edilir. Orda idmançı kimi məşğul oluram. O ki qaldı məşq keçməyə, öz zalımızda azyaşlılara kömək edirəm. Buna məşqçilik deməzdim, düşünürəm ki, hələ tezdir. Olimpiya Oyunlarının medalını qazanmayınca məşqçilik etməyəcəyəm. Öyrənmək və öyrətməyə gəlincə, hərəsinin öz məsuliyyəti və çətinliyi var.

Fəridə, 14 il ərzində idmançı kimi həm məğlubiyyəti, həm də qalibiyyəti yaşamısan. Qalibiyyətlə gəlib, məğlubiyyətlə gedən "dost"lara nə deyə bilərsən? Ətrafında belələri çoxmu olub?

- Yox, çox deyil. Əlbəttə, biz qalib olanda onlar yanımızda olmağa çalışırlar. Məğlubiyyətdə isə əksini müşahidə etmişəm. Bir rəfiqəm var, uşaqlıqdan bəri dostluq edirik. Onunla tanış olanda tanınmış idmançı deyildim. Bu xanım o vaxt da, elə indi də sevincimi və kədərimi bölüşür. Qələbələrimə sevinib, məğlub olanda isə ən yaxın dəstəkçim olub. Bacardığı qədər həmişə yanımda olmağa çalışıb. Gəldi-gedərlərə isə çox söz demək olar. Sadəcə olaraq, lazımsız insanlar haqda düşünüb zehnimi yormaq istəmirəm. Bir söz deyə bilərəm, yaxşı yol!

Elçin Murad
Fotolar müəllifindir


Müəllif: