23 Aprel 2014 14:44
1 049

“Zülfiyyə Hüseynovanın təqaüd istəməyə heç bir əsası yoxdur. Gömrük Komitəsində işləyən bir qıza niyə təqaüd verilməlidir ki?"

Teleqraf.com-un məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın müsahibəsində ona təqaüd verilməməsi ilə bağlı etdiyi narazılığa münasibət olaraq bildirib.

Nazir bildirib ki, təqaüd idmanda böyük nailiyyət qazanan şəxslərə verilir: "Mən Zülfiyyə xanıma təqaüd verilməsinin qəti əleyhinəyəm. O istəsə, yenə müraciət edə bilər, ancaq təqaüd almağın da öz meyarları var. Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır”.

Cüdo və sambo üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova gənclər və idman naziri Azad Rəhimovun rədd cavabına reaksiya verib. O, AzNews.az-a bildirib ki, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiqdir: “Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbiçilərin olimpiya çempionu, hərbiçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir”. “Çox istərdim ki, cənab nazir bunu oxuyub nəticələrimi bilsin”- deyən Z.Hüseynova Azad Rəhimovu üzbəüz teledebata çağırıb: “Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mıənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? İstənilən telekanalda canlı debat olsun. Oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Niyə haqdan ədalətdən qaçırlar? Hər dəfə ölkəmizin prezidenti deyir ki, “bəsdir, haqq-ədaləti boğursunuz”. Heç olmasa utansınlar bu sözdən ki, prezident dediyi sözü qulaq ardına vururlar. Onsuz da gec-tez haqq ədalət yerini tutacaq. İnanıram ki, İnşallah cənab prezident bu müsahibələrimin birini oxuyub onların hamısını necə lazımdır yerinə oturdacaq”.

SEVİNC


Müəllif: