21 Fevral 2017 14:21
15 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tatami” layihəsinin budəfəki qonağı dünyaca məşhur, ən titullu kikboksçusu Eduard Məmmədovdur.

Onu başqa cür təqdim edəsi olsaq, Eduarda peşəkar kikboksun “Ağ Canavar”ı deyə bilərik.

Dosye: Eduard Məmmədov 1978-ci il yanvarın 2-sində Bakıda anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub, 2004-cü ildə ali məktəbi bitirib. 2004-cü ildə Polis Akademiyasına daxil olub və 2008-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub. Hal-hazırda Daxili İşlər Nazirliyində işləyir, polis polkovnik-leytenant rütbəsinədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb. Bundan başqa, Eduard Məmmədov Polis Akademiyası nəzdində İdarəetmə və ixtisasartırma fakültəsini bitirərək, üçüncü ali təhsilini alıb.

O, 1993-cü ildən peşəkar kikboksinqlə məşğuldur. Hazırda Milli Məclisin deputatı Adil Əliyevin başçılıq etdiyi Azərbaycan Kikboksinq Federasiyasının idmançısıdır. Eduard Məmmədov deyir ki, Adil Əliyev ölkədə kikboksinqin inkişafında rolu əvəzsizdir. Onun gənclərin bu idman növünə həvəs göstərməsində böyük xidmətləri var. Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovdur. İdmançının sözlərinə görə, hər iki şəxs idmançılara böyük diqqət və qayğı göstərir. Federasiyanın İdarə Heyətinin sədr müavini Oqtay Mehdiyevin təşəbbüsü ilə Eduard Məmmədovun şərəfinə "Ağ canavar" idman klubu açılıb. Hazırda Eduard Məmmədov Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində iştirak edir. İlk qələbəsini 1995-ci ildə, Azərbaycanda keçirilmiş ilk çempionatda qazanıb. Eduardın məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Çingiz Eyvazovdur.

"Rəqiblərim məni ciddi izləyir"

- Qısa zaman ərzində peşəkar idman ustası adını qazanmısınız. Bu necə oldu?
- 1993-cü ildə Çingiz Eyvazovla tanış olandan sonra kikboksla məşğul olmağa başladım. Ona qədər üzgüçülük və karate ilə məşğul olurdum. 1995-ci ildə 17 yaşımda olarkən kişilər arasında Respublika çempionu oldum. Kikboksinq Federasiyası yaranandan bu günə qədər biz kikboksçular rəhbərliyin qayğısını hiss edirik. Bunun da nəticəsi olaraq uğurlarımız günü-gündən artır. 1997-ci ildə isə kişilər arasında Açıq Asiya Kubokunun qalibi oldum. Dünya mükafatçısı, dünya turnirlərinin qalibi olmuşam. Elə həmin il idman ustası adını qazandım.

1999-cu ildə beynəlxalq dərəcəli idmançı adını qazandım. 2003-cü ilə əməkdar idman ustası adını aldım. 2013-cü ildə isə əməkdar məşqçi adını qazandım. Həqiqətən də uzun bir yol keçmişəm. Bəzən layiq olduğum dərəcə və adlarla bağlı sual veriləndə deyirəm ki, ən azından 1995-ci ildən bu günədək döyüşürəm. Bugünədək elə bir yarış olmayıb ki, mən medalsız qayıdam. Düzdür, ikinci də olmuşam, üçüncü də olmuşam, amma heç zaman sınmamışam. Hər dəfə daha yaxşı nəticə almaq üçün daha çox çalışmışam. Nəticəsi də olub.

Bu heç də asan deyil, bütün dünyada bilirlər ən titullu döyüşçü mənəm. Rəqiblərim məni ciddi izləyirlər, köhnə döyüşlərimi təhlil edərək mənə qarşı texnikalar hazırlayırlar. Lakin mən müəllimim Çingiz Eyvazovla çiyin-çiyinə işləyirəm. Hər dəfə yeni texnika, yeni fəndlər üzərində işləyirik ki, rəqiblər bizi başa düşməsinlər. Bu strategiya neçə illərdiki özünü doğruldub, uğur göz qabağındadır. Yeganə idmançıyam ki, bütün versiyaların (WAKO, IAKSA, WKA, WPK, ISKA,) və stillərin (K1, Full Contact, Low Kick) qalibiyəm. Qeyd edim ki, idmançı kimi bizim prinsipimiz yox, bir məqsədimiz var – Yarışlara qatılanda qalib gəlib bayrağımızı qaldıraq, himnimizi səsləndirək.

"Evdə dedilər ki, oxumasan, idmana getməyəcəksən"

- Peşəkar idmana gələnə qədər karyera planlarınız nədən ibarət idi?
- Uşaqlıqdan idmançı olmaq, polis olmaq arzusunda idim. Şükür Allaha, hər iki arzumu reallaşdırmaq fürsətim olub. İdmanda qazandığım bütün medallarım mənə əzizdir. 2007-ci ildə mənim uğurlarımın prezidentimiz tərəfindən də qiymətləndirilməsi isə ən qürurverici an oldu. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə mükafatlandırıldım. 25 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri Fərmanla təltif edildim.

- Bildiyimiz qədər idmançılar az hallarda təhsilə, oxumağa meyl edirlər. Siz isə peşəkar idmançı olmaqla yanaşı eyni zamanda üç ali təhsil almısınız. İdman karyeranızda ali təhsilin nə kimi rolu oldu?
- Düzünü desəm, uşaq vaxtı məndə oxumağa qarşı tənbəllik olsa da, yaxşı oxumuşam. Amma idmana daha çox həvəsim vardı, buna görə vaxtımı daha çox məşqlərə sərf etmək istəyirdim. Evdən isə bildirirdilər ki, sən oxumalısan, əks halda idmana getməyəcəksən. Bu seçim qarşısında qaldıqdan sonra əlbəttə, yaxşı oxumalıydım (gülür).

İdmandan kənar qalmaq istəmirdim. Anam məni idmandan kənar, başqa bir sahədə görmək istəyirdi, buna görə də təhsilimə böyük önəm verirdi. O dövrün döyüş filmləri də məndə böyük stimul yaratmışdı. Jan-Klod Van Dam, Brus Li və s. film qəhrəmanları idealıma çevrilmişdilər. Mən həmişə söz düşəndə qeyd edirəm: Əgər biz o zaman film qəhrəmanlarını özümüzə kumir seçirdiksə, hazırda bizim öz kumirlərimiz - Avropa, dünya çempionlarımız var. İndi gənc idmançılarımıza stimul verən onlardı. Onlara baxıb peşəkar idmana gəlmək lazımdır. İdman növü olaraq kikboksu seçdiyimə çox sevinirəm. O vaxtlar Jan-Klod Van Damın bir filmi çıxmışdı - “Qanlı idman”. O filmə gündə iki-üç dəfə məşqdən əvvəl və sonra baxırdım. Deyirdim ki, mən də bunlar kimi tanınmış idmançı olacam. Lakin sonralar başa düşdüm ki, bunlar idmançı yox, aktyordular. Dərslərimlə də ciddi məşğul oldum, öz üzərimdə çalışdım. Bilirdim ki, güclü idmançını udmaq olar, savadlı idmançını isə yox. O rəqibindən həmişə bir addım irəlidə olur. Həm də əlavə edim ki, idman karyerası qısamüddətli ola bilər. İdmançı ciddi zədələrdən sığorta olunmur. Ali təhsil, hər hansısa bir peşənin sahibi olmaq heç də pis olmazdı.

"Ermənilərin gözünə dik və amansız baxıram"

- Bəs tələbələrinizin təhsilinə necə nəzarət edirsiniz. Eduard Məmmədovun tələbələri necə olmalıdır?
- Əlbəttə ki, tələbələrimdən də yaxşı oxumağı tələb edirəm. Orta məktəbdə 5 olmasa da, ən azından 4-ə layiq oxumalıdırlar. Onlara da başa salıram ki, ağıllı idmançıya qalib gəlmək çox çətindir. Çünki savadlı idmançı yalnız fiziki güc hesabına deyil, ağıl gücü ilə də döyüşür.

- Beynəlxalq yarışlarda erməni rəqiblərlə çox döyüşünüz olub?
- Bəli, dəfələrlə mənim çəkimdə olan erməni idmançılarla qarşılaşmışam. Bu döyüşlər çox prinsipial olub. Düşünüblər ki, yarışı udmaq yox, Eduard Məmmədovu udmaq lazımdır. Kikboks tarixində mən bütün titulların, versiyaların, kəmərlərin qalibiyəm. Hətta döyüşlərdə məni udmaq bir yana, ağır zədələr yetirmək istəyiblər ki, bir daha rinqə çıxa bilməyim. Amma şükürlər olsun ki, bunu bacarmayıblar. Hər şeyə rəğmən, mən öz yerimi qorumağa müvəffəq olmuşam. Yarışlara gülə-gülə çıxaraq rəqiblərimə "heç nə edə bilməyəcəksən, qalib mən olacağım" mesajı verirəm. Bu da bir məsuliyyətdir, özünə inamdır. Bir tək erməni rəqiblərin gözünə nifrətimdən irəli gələrək, dik və amansız baxıram. Bu onları ilk andaca qorxuya salır.

Say etibarilə erməni idmançılarla doqquz döyüşüm olub. Mən çox şadam ki, bu gün mənim tələbələrimin arasında dünya, Avropa çempionları var. Onlar da mənim yolumu davam etdirmək istəyirlər. Söz düşəndə deyirlər ki, müəllim, görəsən bizim də erməni rəqiblərimiz olacaq? Görürəm ki, mənim qalibiyyətlərim tələbələrimi həm rəqiblərinə, həm də düşmənlərinə qarşı psixoloji olaraq hazırlayıb. Onlar erməni idmançılarla döyüşmək, məğlub etmək istəyirlər. Tələbələrimin gözündə qorxusuzluğu və özgüvəni görmək mənə qürur verir.

"Çingiz Qurbanova çox böyük ümid bəsləyirdim"

Qeyd edim ki, sonuncu Milli Qəhrəmanımız Çingiz Qurbanov da bizim zalda məşq edirdi. Bizim kikboksçu idi, bizimlə məşğul olurdu. Onun da yarışlara çıxmaq arzusu vardı. Çox təəssüf edirəm ki, indi o, aramızda yoxdur. Mən ona çox böyük ümid bəsləyirdim. Olduqca vətənpərvər, böyük ürəyə sahib gənc idi. Mən bütün tələbələrimə xatırladıram ki, biz idmançı olduğumuz kimi, eyni zamanda da əsgərik. Nə zaman Ali Baş Komandanımız əmr verərsə, bir nəfər kimi əlcəklərimizi çıxarıb, silaha sarılıb ordu sıralarında öz yerlərimizi tutmalıyıq. 20 faiz torpağı işğalda olan bir dövlətin əli silah tutan hər bir vətəndaşı bu əmrə hər zaman hazır olmalıdır. Buna görə də bu gün tələbələrimizə fiziki olaraq güc qazandırdığımız kimi, psixoloji olaraq da onları möhkəmləndiririk.

"Eməni dizi üstə çökəndə məşqçisi qışqırırdı ki..."

- 2000-ci ildə Yunanıstandakı o məşhur 15 saniyəlik nokautu qısa olaraq necə izah edərdiz?
- Erməni idmançı ilə yarımfinalda görüşəndə döyüş başlayan kimi, qarnına ard-arda bir neçə zərbə vurdum. Ciyər ağrısından ayağa qalxa bilməyən erməni dizi üstə çöküb yerdəcə qaldı. Peşəkar idmançılar bilirlər ki, ciyərə zərbə buraxanda çox pis ağrı verir. Məşqçisi qışqırırdı ki, “Ayağa qalx! Sən diz üstə oturmalı deyilsən!” O isə ağrıdan qıvrılaraq deyirdi ki, dura bilmirəm, döyüşə bilirsənsə, gəl, özün döyüş. Çox gülməli bir vəziyyət alındı. Mən də üçrəngli bayrağımızı qaldırıb rinqdə dövrə vuraraq qələbəmizi qeyd etdim.

- Məşqlər zamanı qazanılan zədələrlə bağlı nə deyə bilərsiz?
- Bu gün özünüz də məşqlərimizin necə ağır olduğunun şahidi oldunuz. Zədələrə gəlincə əl, burun, çənə, qabırğa sınır. İtaliyada keçirilən axırıncı yarışda döyüşü udaraq burnum sınmışdı. Sümüyün tam bitişməsi üçün altı ay lazımdır. Amma dörd ay keçməsinə baxmayaraq, mən məşqləri saxlamıram, eyni tempdə davam edirəm, növbəti yarışlara hazırlaşıram. Deyərdim ki, bu zədələr artıq bizim həyatımızın bir hissəsinə çevrilib. Biz zamanla onlara öyrəşirik, onlar bizi daha da möhkəmləndirir, uğura daha da yaxınlaşdırır. Şükür ki, bugünədək məni idmandan uzaqlaşdıracaq zədə almamışam. Bir məsələ də var ki, zədələr hesabına bir yerlərə gəlib çıxarsan, sonda əldə etdiyin nailiyyətlər o ağrıları unutdurur. Arxaya baxarkən, keçdiyin yola nəzər salarkən, nələri yaşadığını xatırlayırsan, lakin bu günün, uğuraların səni fəxr etməyə sövq edir. Əziyyət çəksəm də, mən bunu bacardım. İstəyimə nail ola bildim.

- Tələbələriniz arasında sizi təkrar edəcək, baxarkən özünüzü gördüyünüz biri varmı?
- Bildiyiniz kimi mən Kikboks üzrə əməkdar idman ustası, əməkdar məşqçiyəm. 22 qat Dünya, 7 qat Avropa çempionu, WAKO, İKBO versiyaları üzrə peşəkarlar arasında dünya çempionu, World Profi və IAKSA-nın versiyaları üzrə 22 qat dünya çempionu, WAKO-PRO versiyası üzrə ən nüfuzlu interkontinental kəmərin sahibiyəm. Bir məşqçi kimi qazandığım təcrübəni onlara ötürürəm. Əlbəttə, tələbələrimin hamısı ilə fəxr edirəm. Baxmayaraq ki, yaşda və təcrübədə məndən kiçikdirlər, artıq nüfuzlu yarışlara qatılır və yüksək nəticələr əldə edirlər. Onların sırasında Anar Məmmədov gənclər və kişilər arasında Dünya, Avropa çempionudur, dəfələrlə dünya Avropa mükafatçısı Qiyas Şahverdiyev, WAKO versiyası üzrə dünya çempionu Zaur Məmmədov və b var.

"Ağ canavar" ləqəbini Amil Quliyevə verdim"

Gələcəkdə özümü gördüyüm tələbəm isə hazırda yeniyetmələr arasında 12 yaşlı Amil Quliyevdir. Bildiyiniz kimi, dünyada mənim ləqəbim “Ağ canavar”dır. Neçə illərdi, o ləqəbi mən heç kimə verməmişəm. Amma bu ləqəbi artıq Azərbayban, Avropa, Dünya çempionu olan Amil Quliyevə vermişəm. O, döyüşləri sırf mənim kimi aparır. Texnika və zərbələri, üslubu və ağıllı qərar qəbuletmə xüsusiyyəti eynən özümü xatırladır. Güclü və sərrast ayaq zərbələri var ki, onları məndən mənimsəyə bilib. Ona görə də o, bu ləqəbi haqq etdi. 9 yaşlı Ayxan Həşimova da “Ağ pələng” ləqəbi qoymuşuq. O da mənim döyüş üslubumu mənimsəyən gənc idmançıdır. Bu gənclərin uğurlarına həqiqətən çox inanıram. Ümumiyyətlə, nə bilirəmsə gənc idmançılarımıza, yetirmələrimizə öyrədirəm ki, onlar da sabah bu uğurları davam etdirsinlər. Bayrağımızı qaldırıb ölkəmizi tanıtsınlar. Biz idmançılar xoşbəxt insanlarıq ki, dünyanın istənilən yerində bayrağımızı qaldırıb, himnimizi səsləndirə bilirik.

Elçin MURAD

Fotolar müəllifə məxsusdur


Müəllif: