10 İyul 2014 11:50
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol giqantının rüsvayı və ya futbolu sosiallaşdıranlar...

Futbol üzrə Dünya Çempionatının Braziliyada keçirilməsinə etiraz edən braziliyalılar sanki bilirdilər ki, bu dırnaqarası bayram onlara xoş gün yaşatmayacaq. Elə də oldu.

Çempionatın ilk günlərindən qalmaqallar səngimir. Kiminsə ümidləri puç olur, kimsə azərkeşi olduğu komandanı finalda görə bilmir, kimisinin qanında dopinq olduğu iddia edilir, kiminsə qanında isə bu maddə aşkarlanır...

Dopinqdən istifadə edilib?

Artıq Braziliyada keçirilən Dünya Çempionatında iştirak edən Kosta-Rika yığmasının 7 futbolçusu dopinq testindən keçirilmək üçün çağırılıb. Bununla bağlı qərar FİFA-nın tibb bölümü tərəfindən verilir.
Testə çağırılanlar arasında Brayan Luiz, Maykl Barrantes, Keylor Navas, Çelso Bolanyos, Marko Urenya və Dieqo Kalvo olub. Lakin, cənubi amerikalılara qarşı irəli sürülən iddia təsdiqlənməyib.

Bu addımdan bir müddət sonra DÇ-2014-də iştirak edən Hollandiya millisinin futbolçularının da dopinqdən istifadə etməsi xəbəri yayıldı.

Lakin bu dəfə ehtimallar doğrulandı. Belə ki, Dünya çempionatında Hollandiyanın İspaniyanı 5:1 məğlub etdiyi oyundan sonra FİFA-nın normal proseduruna görə, 6 hollandiyalı futbolçu dopinq testinə çağırılıb.
Qərb nəşrləri xəbər verir ki, FİFA-nın həkimi Georgi Bertolucci məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında Belçikadan 1, Hollandiyadan 6 futbolçunu dopinq testinə çağırdıqlarını və müayinə nəticəsində həmin futbolçuların dopinqdən istifadə etmələrinin aşkarlandığını deyib.

Həkim futbolçuların adlarını açıqlamayacaqlarını, lakin bunun dünya futbolu adına ləkə olduğunu söyləyib.

G.Bertolucci futbolçuların dopinqdən istifadə etməsi ilə bağlı FİFA-ya məlumat verdiklərini deyib: “Ancaq FİFA onlara cəza vermədi. Hollandiya kubok yarışlarına davam edəcək və bu, heç də ədalətli deyil. Bundan sonra FİFA bu oyunçuları yalnız matçlarda yaxından təqib edəcək”.

Futbolçulara bu icazənin verilməsinin səbəbləri haqda isə heç bir məlumat verilmir. FİFA da bu şok açıqlama ilə bağlı hələ ki, susur.

Rüşvət iddiası...

Əslində bu, Dünya Çempionatı ilə bağlı ilk və son qalmaqal deyil. Habelə FİFA-nın növbəti DÇ-ni keçirəcəyi yer ilə bağlı qalmaqal yaşanıb. Belə ki, FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Məhəmməd bin Hammamın futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi üçün 5 milyon dollar rüşvət verdiyi iddia edilir.

Bu haqda “Sunday Times”in araşdırmasından sonra yekun qərara gəlinib.
Araşdırmaların Hammamın elektron məktubları, bank hesabları və sənədləri əsasında hazırlandığı deyilir.
Məlum olub ki, əslən Qətərdən olan Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd bin Hammam futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi üçün FİFA-ya 5 milyon dollar rüşvət verib.

Qeyd edək ki, Məhəmməd bin Hammamın adı rüşvət qalmaqalında ilk dəfə hallanmır. Deyilənə görə, o, FİFA prezidenti olmaq üçün 30-dan çox ölkənin futbol federasiyalarının prezidentlərinə 200 min dollar verib. Buna görə də onu FİFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən kənarlaşdırıblar.

Bu olayla bağlı FİFA prezidenti Jozef Blatter də 2022-ci ildə dünya çempionatının Qətərdə keçiriləcəyini səhv addım hesab edib. Avropanın aparıcı futbol çempionatları isə dünya çempionatının dəyişdirilməsi ideyasını dəstəkləməyib.

İspan mətbuatına danışan İspaniyanın baş məşqçisi Visente Del Boske bu xəbərlərin təsdiqlənəcəyi təqdirdə çirkin bir vəziyyətlə qarşı-qarşıya qalacaqlarını söyləyib.

Beşinci qoldan sonra başlayan iğtişaşlar

Əsas hadisə isə Almaniya-Braziliya milli yığma komandaları arasında keçirilən oyun zamanı baş verib.
Geridə qoyduğu matçlarda rəqiblərini bir-bir üstələyən Braziliya millisi finalın bir addımlığında rüsvay olub. Almaniya milli komandası DÇ-2014-ün birinci yarımfinal oyununda Braziliyanı 7:1 hesab ilə darmadağın etdikdən sonra, ölkədə iğtişaşlar başlayıb. Əslində, rüsvayçı məğlubiyyət artıq ikinci dəfədir Braziliyaya qismət olur. Belə ki, 1920-ci ildə Uruqvaya 6-0 hesabı ilə məğlub olan Braziliya artıq bu acını almanlar tərəfindən ikinci dəfə yaşayıb.

Resifi şəhərinin sakinləri isə oyunun bitməsini gözləməyiblər. Onlar oyunun 29-cu dəqiqəsində komandalarının 5-ci qol buraxması ilə iğtişaşlara start veriblər.

Riodada 5-ci qoldan sonra azarkeşlər artıq tribunanı tərk etməyə başlayıblar. Küçələr qarışmağa başlayıb. Polis futbol fanatlarını sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyiblər. Onlar barrikadalar quraraq, polisləri daş atəşinə tutublar.

Artıq Braziliyanın bir sıra şəhərlərində kütləvi aksiyaların başlanması haqqında məlumatlar yayılmaqdadır. Sosial şəbəkələrdə oyundan sonra Braziliya bayraqlarının yandırılmasını əks etdirən fotoşəkillər yayılıb.

San-Paulu və Resif şəhərlərində azarkeşlər əsəblərini mağazaları soymaqla, şüşələri qırmaqla, hətta doğma vətənlərinin bayrağına od vurmaqla sakitləşdiriblər.

Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.
San-Pauluda azarkeşlər həmçinin bələdiyyə avtobuslarını yandırıb, küçələrdə maşın təkərlərinə od vurmaqla Braziliya yığmasına və FİFA-ya etirazlarını bildiriblər.

Kopakabanada insanların təşvişə düşməsini fürsət bilən oğrular çimərlikdə oyunu seyr edən azarkeşlərin çantalarını götürərək qaçmağa başlayıblar. Millinin məğlubiyyətinin acığını oğrulardan çıxmaq istəyən çoxlu sayda azarkeş oğruları qovmağa başlayıb. Polis oğruların linç edilməsinə imkan verməyərək onları qızğın azarkeşlərin əlindən alıb. Nəticədə polis yeddi oğrunu həbs edib.

Ölkədə lokal miqyaslı daha bir neçə iğtişaş qeydə alınıb. San Paulo şəhərində minlərlə insan küçələrə çıxıb. “Twitter”də yayılan şəkillərdə şəhərin küçələrində yanğınların başlandığı əks olunur.

Zərər çəkənlər barədə hələ ki dəqiq məlumat yoxdur. İzdihamı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Ordunun müdaxiləsi

“Reuters”in məlumatına görə, Braziliyada polislərin tətili kütləvi iğtişaş və qarətlərə səbəb olub. Salvador şəhərindəki qarətlərdə son 2 gündə 39 nəfər cinayətkar qruplaşmalar tərəfindən öldürülüb, yüzədək aptek və mağaza qarət edilib. Ölkədə ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Prezident Dilma Russef ictimai təhlükəsizliyi bərpa etmək üçün Salvadora ordu qüvvələrin göndərilməsini əmr edib.

Bu arada hadisəyə görə məsulliyəti öz üzərinə götürən şəxs də tapılıb. Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolar jurnalistlərin qarşısına çıxaraq, “Bu biabırçı nəticəyə görə kim məsuliyyət daşıyır? Əlbəttə ki, mən. Bu fəlakətli məğlubiyyətdə hamımızın günahı ola bilər. Ancaq komandaya taktikanı verən, qərarları qəbul edən mənəm”, - deyib.

Ağır məğlubiyyətdə bütün məsuliyyəti üzərinə götürən təcrübəli mütəxəssis nəticəyə görə Braziliya xalqından üzr istəyib: “Biz çox cəhd etdik, amma böyük bir alman komandası ilə qarşılaşdıq. Hətta təsəvvür edə bilmirəm, necə oldu ki, bu hesabla uduzduq? Deməli, Almaniya millisi bu qələbəyə layiq imiş. Bu nəticəyə görə Braziliya xalqından üzr istəyirəm. Üzülürəm ki, finala çıxa bilmədik. Ancaq üçüncü yer uğrunda mübarizəmiz davam edir”.

Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatının başlamasından bir neçə ay öncə braziliyalılar etiraz aksiyalarını keçirməyə başlayıblar. Yüz minlərlə etirazçı küçələrə axışaraq hökumətə qarşı etiraz aksiyaları keçirib.

Ölkədə kasıblıq və sosial böhranının dərəcəsinin yüksək olduğu bir vaxtda çempionata külli miqdarda pulların xərclənməsini ölkə sakinləri “insafsızlıq və ikiüzlülük” kimi qiymətləndirir.

Pele öz saçının hissələri olan almazlar satan vaxt küçələrdə cinayətin səviyyəsi qalxır. Kasıblıq səviyyəsi böyük olan Braziliya şəhərlərində insanlar aclıqdan həlak olurlar. Ölkədə cəmiyyət iki hissəyə bölünüb.
Bəzi küçə rəssamları mundialın şərəfinə bir-birindən rəngarəng şəkillər çəkdiyi vaxtda digərləri evlərin, körpülərin, darvazaların üzərində dünya çempionatının boykot olunmasını tələb edən şəkillər çəkirlər.
Ölkə sakinləri “Biz futbol istəmirik! Yemək istəyirik, təhsil istəyirik” - deyə qışqırırlar.

Göründüyü kimi, Braziliyanın bu dəfə rüsvayçı məğlub olması məhz ölkə əhalisinin narazılığı ilə bağlıdır.

Ülviyyə Axundova


Müəllif: