23 Aprel 2014 17:30
475

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan" veloyürüşü indi idman həvəskarlarına daha yaxındır. Belə ki, yürüşün təşkilatçılarının təşəbbüsü ilə bu nüfuzlu yarışın kompüter oyun versiyası hazırlanaraq istifadəyə verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, artıq hər bir şəxs peşəkar velosipedçi kimi "Tour d'Azerbaidjan"ın virtual iştirakçısı ola bilər. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, 5 mərhələdən ibarət olan velotur Bakı və Sumqayıt şəhərlərindən, habelə daha səkkiz rayonun ərazisindən keçdiyi halda, fleş-oyun versiyasında marşrutlar Azərbaycanın bütün bölgələrini əhatə edir ki, bu da ölkəmizin dünyaya daha yaxından tanıdılmasına xidmət edir.

Real yürüşdə olduğu kimi, oyun versiyasında da hər mərhələnin öz çətinlikləri var. Enişli-yoxuşlu yollar, Azərbaycanın bütün bölgələrinə virtual səyahət bu oyunu daha da maraqlı edir. Özünüzə velosiped və geyim dəsti seçin, marşrutu müəyyənləşdirin və irəli! Macəralar sizi gözləyir.

Mayın 7-də start götürəcək "Tour d'Azerbaidjan-2014"ə qədər oyunda daha çox xal toplayan iştirakçı hədiyyəsiz qalmayacaq.

Oyunumuza qoşulmaq üçün bu linkdən istifadə edin - http://game.tourdeazerbaidjan.com


Müəllif: