27 Aprel 2017 01:28
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı tennisçi Mariya Şarapova diskvalifikasiyasının qüvvədə olma müddəti başa çatdıqdan sonra ilk rəsmi görüşündən qalib ayrılıb.

Məşhur idmançı Almaniyanın Ştutqart şəhərində keçirilən WTA (Qadın Tennisçilər Assosiasiyası) turnirinin ilk raundunda italiyalı Roberta Vinçini yenib - 7:5, 6:3. Görüş 1 saat 43 dəqiqə davam edib. Şarapova növbəti mərhələdə həmyerlisi Yekaterina Makarova ilə qarşılaşacaq.

Aprelin 25-də 34 yaşlı Vinçi rusiyalı tenniçiyə Ştutqart və Roma turnirlərində iştirak üçün "wild card"ın (xüsusi dəvət) verilməsindən narazılığını bildirib. Polşalı Aqneşka Radvanska və britaniyalı Endi Marrey də belə dəvətə qarşı çıxıb.

Qeyd edək ki, 2016-cı ilin iyununda Beynəlxalq Tennis Federasiyası Mariya Şarapovanı meldoniumdan istifadə etdiyi üçün 2 il müddətinə diskvalifikasiya edib. Oktyabrda isə İdman Arbitraj Məhkəməsi onun cəzasını 15 aya endirib.

/Report/


Müəllif: Teleqraf.com