5 İyun 2017 08:35
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Teleqraf.com xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası üçün daha uğurlu olub. Belə ki, millimiz aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev Rumıniya, Böyük Britaniya və İtaliya cüdoçularına qalib gələrək finala çıxıb. Səfquliyev həlledici qarşılaşmada da inamla İsrail təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fəqan Quluzadə (81 kq) və Uşanqi Kokauri (+100 kq) isə yalnız final qarşılaşmasında uduzaraq gümüş medala sahib olublar.

Yarışın ilk günündə isə Hüseyn Rəhimli (73 kq) gümüş medal qazanıb. Bununla da, 1 qızıl və 3 gümüş medal qazanan millimiz Avropa açıq çempionatını kişilər arasında birinci yerdə başa vurub.

Qeyd edək ki, 29 ölkədən 376 cüdoçunun (244 kişi, 132 qadın) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunurdu.


Müəllif: Teleqraf.com