23 İyun 2017 19:44
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində ikinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərib.

Teleqraf.com-un məlumatına görə, onun nəticəsi 1:43.362 olub. M.Ferstappen ilk sərbəst yürüşdə də ən yaxşı nəticəni göstərib - 1:44.410.

İkinci nəticəni "Mercedes"in pilotu Valtteri Bottas - 1:43.462, üçüncü nəticəni isə "Red Bull" komandasının növbəti pilotu Daniel Rikardo göstərib - 1:43.473.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Müəllif: Nərgiz