7 İyul 2017 13:22
3 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən "İnter"-"Mladost" oyunundan əvvəl canlı yayımda məşqçi Zaur İsmayılovdan müsahibə alan "CBC Sport” tele-kanalının əməkdaşı Səmra Əliyeva naqolay vəziyyətə düşüb.

Teleqraf.com-un məlumatına görə, müsahibə zamanı kənarda məşq edən futbolçulardan birinin atdığı top Səmranın üzünə dəyib. Məşqçi dərhal reaksiya versə də, aparıcının reportaja davam etdiyini görüb və sözünə davam edib.

Aparıcı Səmra Əliyeva Teleqraf.com-a hadisənin təfərrüatını açıqlayıb: “Dünən oyundan öncə “İnter”in köməkçi məşqçisindən müsahibə alırdım. İlk sualımı ünvanlamışdım, müsahib yenicə cavablandırmağa başlamışdı. Biz meydanın kənarında dayanmışdıq, oyunçular isə meydanda məşq edirdilər.

Top gəlib düz sağ gözümə dəydi, gözüm doldu. Amma mən müsahibdən mikrofonu belə çəkmədim. Düzdür, top məni geriyə atdı. Ancaq müsahibəyə davam elədim. Sağ olsun, müsahibim də özünü itirmədi.

Həmin an mən “gözüm zədələnər”, “burnumdan qan açılar” və sair haqda düşünmədim. Hər şeydən əvvəl düşündüm ki, efirdəyəm. Buna görə rekasiya vermədim, heç nə olmamış kimi işimə davam etdim.

Hətta efir rejissoru qulağıma dedi ki, ağrın varsa, müsahibəni saxlayıb sağollaşa bilərsən. Amma mən davam etdim”.

Aparıcı Səmra zərbə vuran oyunçunun ondan üzr istədiyini də açıqlayıb: “Zərbəni vuran Mirhüseyn Seyidov idi. O, ötürmədə yanlışlığa yol vermişdi. Özü məndən üzrxahlıq elədi”.

Qeyd edək ki, “CBC Sport” telekanalı fəaliyyətə başladığı 2015-ci ildən orda şərhçi-aparıcı qismində çalışan Səmra oyundan sonra "Ümid edirəm ki, üzümə dəyən top "İnter"ə qələbə gətirər” deyə vəziyyətdən çıxmağa çalışmışdı...


Müəllif: Könül Əlibəyli