26 İyul 2017 01:49
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oyun gözlədiyimiz kimi keçdi. Ağır matç oldu. Bu oyun bir daha göstərdi ki, bu turnirdə zəif komanda yoxdur. Hamı öz ölkəsinin çempionudur. Qələbə qazana bilmədik. Buna baxmayaraq, komandamdan razı qaldım. 0:0 hesabı da pis nəticə deyil. Əsas odur ki, evdə qol buraxmadıq. Cavab oyununa hazırlaşmaq üçün 6 gün vaxtımız var. Sadəcə, azarkeşlərə görə üzüldüm. Onları qol ilə sevindirə bilmədiyimizə görə. Son anlara kimi qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik".

Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldova "Şerif"i ilə Bakıda qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 45 yaşlı mütəxəssis bildirib ki, "Şerif"in baş məşqçisi futbolu yaxşı bilən mütəxəssisdir: "Fikrimcə, nəticə baxımından onlar istədiyini edə bildilər. Bir həftə vaxtımız var. Tam hazır olan oyunçulara şans verəcəyik. O ki qaldı hansı oyunu sərgiləyəcəyimizə, bizə nə sərf etsə, həmin oyunu göstərəcəyik. Müdafiə olunmaq lazım olsa, müdafiə olunacağıq. Hücum lazım olsa, hücum edəcəyik. Rəqib nəticə qazanmağı bacaran komandadır. "Şerif"in müdafiə olunması çoxunda onlar barədə səhv fikir formalaşdırır. Ancaq nəticə qazanmaq üçün müdafiə olunmaq da olar. Cavab oyununda biz tam fərqli komanda ilə qarşılaşa bilərik. Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq".


Müəllif: Teleqraf.com