14 Avqust 2017 17:59
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızıl medal üçün 50 faiz şansım vardı və bunu bacardım. İndi xəyalını qurduğum yerdəyəm. Bu qalibiyyətin arxasında böyük əmək və ciddi hazırlıq dayanır. Lakin zirvədə qalmaq oraya qalxmaqdan daha çətindir. Bu zəfəri təkrarlamaq və bunun təsadüf olmadığını göstərmək üçün əlimdən gələni edəcəyəm.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev qələbəsindən sonra türk mediasına müsahibəsində deyib.

“O gün, bu günmüş”

2015-ci ildə 200 metr təsnifat mərhələsində 19.88 nəticə göstərdiyini deyən Ramil Quliyev dünya çempionatları və Olimpiya Oyunlarında final yarışına qədər irəlilədiyini xatırladıb: “Potensialım vardı, sadəcə, zamanını gözləyirdim. O gün, bu günmüş”.

“Bolt atletizmin kralıdır, mənsə onun xələfi”

Ramil Quliyev “Fənərbağça”nın ona qucaq açdığını dilə gətirib. O, əfsanəvi atlet Hüseyn Boltla da bağlı fikirlərini bölüşüb: “Son 4 dünya çempionatında Boltun qazandığı yarışda qalib gəlməyim onun yerinə kral olduğumu göstərmir. Çünki o, 16-cı Dünya Atletika Çempionatının finalında çıxış etməyib. Hesab edirəm ki, Bolt hələ də atletizmin kralıdır. Mən onun vəliəhdi yox, ancaq xələfi ola bilərəm. Onun rekordlarını 10 il ərzində qırmağı bacararam”.

“O atletdən imza istəyəndə verməmişdi”

O, amerikalı atlet Maykl Consonla bağlı maraqlı xatirəsini də paylaşıb. Finaldan əvvəl özünün tvitter hesabında Ramil Quliyevə diqqət göstərməyin vacib olduğunu qeyd edən Maykl Conson bir neçə il öncə ona imza verməkdən imtina edibmiş: “Onun məni favoritlər sırasında görməsinə sevindim. İllər əvvəl Maykl Consondan imza istəmişdim, amma verməmişdi, yəqin indi istəsəm, verəcək”.

“Çox çətin günlər yaşamışıq”

Sonda Ramil Quliyev ailə həyatından danışıb: “Yoxsulluq içində böyümüşəm. Mən uşaqkən atam da, anam da işləyirdi, amma bəzən nahara yemək tapmırdıq. Çox çətin günlər yaşamışıq. Yaxşı təhsil ala bilmədim. Sonra məni kəşf edən atamı itirdik... Çox şükür anam və sevdiklərim yanımdadır və mənə dəstək olurlar. İndi hər cür imkanım var. Buna görə Türkiyədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Həftədə 60 saat məşq edirəm. Anamın “Oxu, oğlum” sözləri yadıma düşəndə bəzən içimdə “kaş ki, idmanla məşğul olmaq əvəzinə təhsil alardım deyirəm”. Lakin uğurlar qazandıqca “yaxşı ki, qaçıram” söyləyirəm”.


Müəllif: Nərgiz