16 Avqust 2017 00:57
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim üçün oyun çox ağır keçdi. Çünki rəqibin heyətində yüksək səviyyəli futbolçular var idi. Əlimizdən gələni edirdik ki, vuruşaq. Rəqibi dalbadal 3 gün analiz etmişdik. Oyunlarının videoyazılarına baxırdıq. Tarixi şansı əldən vermək istəmirdik. Bu gün təkcə biz yox, bütün respublika oynayırdı. Azarkeşlər möhtəşəm idilər. Çempionlar Liqasının himni səslənəndə elə qışqırırdılar ki, tüklərimiz biz-biz durmuşdu. Onlara təşəkkürlərimi bildirirəm. Cavab oyununda avropalı azarkeşlərimiz bizə dəstək olacaqlar. Danimarka paytaxtında bizi daha ağır oyun gözləyir. Ona hazırlaşacağıq".

Teleqraf.com-un məlumatına görə, bunu Danimarka "Kopenhagen"i ilə Çempionlar Liqasının ilk "pley-off" matçına "Qarabağ"ı kapitan kimi çıxarmış futbolçu Maksim Medvedev deyib. Təcrübəli müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...

- İknici hissədə "Qarabağ”dan ikinci qolu gözləyirdik. Bir neçə epizod da var idi. Lakin sanki 1:0 hesabı da sizə sərf edirmiş kimi sakit oynayırdınız...

- Oyunqabağı sual versəydiniz, heç-heçəyə də razı olacaqdıq. Amma bu gün 1:0 hesabı ilə öndə olduğumuz vaxt nəinki qol vurmağı düşünürdük, əksinə, qol buraxmağa razı deyildik. Qol imkanlarımız da çox oldu. "Kopenhagen"in qapıçısı mükəmməl oynadı, 3 əla top çıxardı.

- Rəqib futbolçular sanki sizi təxribata çəkərək, qırmızı vərəqə almağınıza çalışırdılar...

- Onlar təcrübəlidirlər. Bilirlər ki, emosional futbolçularıq, təxribata uya bilərik. Amma oyunqabağı baş məşqçimiz tapşırmışdı ki, diqqətli olun. Ciddi analiz aparmışdıq. Bilirdik ki, Skandinaviya ölkələrinin klubları həmişə belə oyun sərgiləyirlər. Ona görə də diqqətlə davranırdıq ki, vərəqə almayaq.

- Danimarka paytaxtında bu azarkeşlər olmayacaqlar. Elə bir ab-havada "Qarabağ” belə uğurun davamını gətirə bilər?

- Buna ümidvarıq. Biz öz əziyyətimizlə, gücümüzlə göstərəcəyik ki, biz ora vuruşmağa gedirik və yaxşı nəticə ilə qayıdacağıq. İnanıram ki, azarkeşlərimiz orada da bizi tək qoymayacaqlar. Çünki Avropada da çoxlu azərbaycanlı, türk yaşayır. Cavab oyunumuzu səbirsizliklə gözləyirlər. İnternet vasitəsilə bizimlə əlaqə saxlayaraq, bilet istəyirlər. Amma bu işlə ofis işçilərimiz məşğuldurlar. İnanırıq ki, bizi Kopenhagendə də çoxlu sayda azarkeş dəstəkləyəcək.

- Amma yəqin ki, qrupa vəsiqəni Tofiq Bəhramov adına Respublika stadionunda qeyd etsəydiniz, daha yaxşı olardı...

- Bu, doğrudan da hər bir azərbaycanlının arzusudur. Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının himni çalındısa, istərdik ki, bu turnirin qrup mərhələsində də çıxış edək. Amma "pley-off" mərhələsi iki oyundan ibarətdir. Səfərdə bizi daha ağır matç gözləyir.


Müəllif: Teleqraf.com