24 Avqust 2017 01:36
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təkcə biz yox, bütün Azərbaycan xalqı istəyirdi ki, ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaq. Deyiləcək çox söz yoxdur. Bütün xalqımızı, “Qarabağ”lıları təbrik edirəm. Düşünürəm ki, bu qələbə futbolumuzun, eləcə də “Qarabağ”ın inkişafını üçün mühüm addım olacaq. Hər kəsi təbrik edirəm. Mənim məşqçi kimi karyeramın və klubun ən ciddi uğurudur. İlk dəfə idi ki, məğlubiyyətə bu dərəcədə sevinirik".

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Kopenhagen”lə qarşılaşmadan sonra təəssüratlarını bölüşərkən deyib.

Oyunun gedişatı barədə danışan baş məşqçi qeyd edib ki, futbolçular ilk hissədə müdafiədə diqqətli olmalı idi: “Rəqib Bakıdakı kimi ilk dəqiqədən ciddi pressinq edirdi. Çalışırdıq ki, yaxşı əks-hücum quraq. Azarkeşlərin sayı həddən artıq çox idi, bunun da basqısı vardı. Buna baxmayaraq futbolçularımız sonadək qələbəyə inandılar. 2-ci hissədə daha yaxşı oynamalı idik, çünki hesab bərabər idi və bizi qane etmirdi. Nəticədə futbolçularımız ikinci hissədə soyuqqanlı oynadılar, istədiyimiz nəticəyə nail olduq”.

Transferlərə gəlincə, Qurban Qurbanov bununla bağlı danışıqlar aparıldığını söyləyib: “Təkcə bu gün üçün yox, ümumilikdə transferlər barədə düşünürük. Mütləq çalışacağıq ki, 1-2 transfer edək. Sabahdan bu işlə məğul olmağa başlayacağıq”.


Müəllif: Nərgiz Cavadzadə