12 Sentyabr 19:34

"Qarabağ"ın Çempionlar Liqasındakı debüt oyununu işıqlandırmaq üçün heç bir qəzet və saytın Londona reportyor göndərə bilməməsi ilə bağlı səmimi narahatlığını izhar edənləri anlayıram. Bəzi məqamlarda belələri haqlıdır. Amma bu işlə az-çox maraqlanan adam kimi deyəcəklərim var.

Bu sözləri Teleqraf.com-a Londonda “Çelsi” və “Qarabağ” qarşılaşmasından öncə keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlərin iştirak etməməsi problem ilə bağlı danışarkən AFFA yanında Media Komitəsinin İdarə Heyətinin üzvü Mahir Rüstəmli deyib. O, Londondakı oyundan reportaj verə biləcək azərbaycanlı jurnalistlərin ora göndərilməməsinin bir çox səbəbləri olduğunu açıqlayıb:

“Doğrudan da hansısa qəzetin və ya saytın bir səfərə 2500-3000 manat xərcləyə bilməməsi acı mənzərədir. Bu mənzərəni şərtləndirən səbəblər çoxdu və yüzdə-yüz əminəm ki, Media Komitəsinin varlığı bu mənada heç ilk "10-luq"da da deyil. MK-nın sədrinin və ya İdarə Heyətinin üzvlərinin sərəncamında konkret məbləğ yoxdu ki, biz həmin məbləğdən sui-istifadə edək, yorğanı öz üzərimizə örtək, qeyri-obyektivliyə yol verək. Ümumiyyətlə, istər layihələrin ödənişi, istərsə İH üzvləri üçün nəzərdə tutulan dəftərxana xərclərinin ayrılması uzun-uzadı texniki prosesdi və maliyyə çatışmazlığı fonunda, adətən, gecikir. Məsələnin başqa tərəfi də var: Böyük Britaniya kimi viza-səfər məsələlərində xüsusi qayda-qanun müəyyənləşdirən ölkələrə gedib-gəlmək yetərincə çətindi. Klub bu işlə məşğul olanlara hansısa şəkildə dəstək, sənədləşmə işlərinin sürətlənməsinə xeyir-dua verməsə, kəsəsi, Azərbaycan idman jurnalistlərini "Stemford Bric"də görmək istəməsə, səfəri təşkil etmək çox çətindi. Təvazökarlıqdan bir qədər uzaq olsa da, qeyd etməyi özümə borc bilirəm ki, "Qarabağ"ın ötən il Avroliqa çərçivəsində keçirdiyi iki səfər oyununun hər birinə 7-8 jurnalistin getməsində mənim də Allahın, Qurban Qurbanovun və Vüqar Zeynalovun bildiyi dərəcədə əməyim olmuşdu. Bəlkə bu il də həm fərd, həm də MK sədri kimi nəyəsə cəhd edə bilərdim. Ancaq yenə də deyirəm ki, klublar, indiki halda konkret "Qarabağ" prosesdə maraqlı olmalıdı. Ölkənin milyon qazanan istənilən klubu qarda-yağışda, istidə-çovğunda qul əməyi çəkən jurnalistin həmin puldan nəsə - ən azı diqqət uma biləcəyini anlamalıdı. Mən imkanım və ərkim çatan qədər həmin klublarda çalışan dostlara bəzi yolları göstərmişəm”.

Mahir bəy bu tip səfərlərin təcrübədə az olmadığını da açıqlayıb: “Bu arada onu da xatırladıram ki, Tahir Süleymanovun söz sahibi olduğu "Neftçi" Avroliqanın qrupunda debütə hazırlaşanda vitse-prezident şəxsən jurnalistlərlə əlaqə saxlamış və mənalı səfər proqramı hazırlamışdı. Bayram ab-havası yaratmaq üçün istənilən klub 50-100 mindən keçə bilər və bununla da kasıblamaz”.

AFFA yanında Media Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Qarabağ Futbol Klubu səfərə jurnalist aparmaq istəməyib.


Müəllif: Könül