26 Sentyabr 2017 20:22
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Roma”nın baş məşqçisi Eusebio Di Françesko oyundan öncə mətbuat konfransı təşkil edib.

Teleqraf.com xəbər verir ki, italyan mütəxəssis birbaşa sualları cavablandırıb:

- Hər rəqibə qarşı fərqli heyətdən istifadə edirsiz?

- Xeyr. Sadəcə, biz hamıya şans verməyə çalışırıq. Ancaq bu vaxt rəqibin kimliyinə fikir vermirik. Sadəcə, kim hazırdısa, ona da şans veririk. Mənim “Qarabağ”a çox böyük hörmətim var. Bu komandanın tarixinə hörmətlə yanaşıram. Onlarla digər rəqiblərimiz arasında fərq görmürəm.

- El Şaravi yenidən meydana qayıdıb...

- Onun zədəsi çox uzun çəkdi. Ancaq hazırda tam hazırdı. Heyətdə onu əvəz edə biləcək yetərincə oyunçu var. Florensi, Perrotti onu tam əvəz edə bilər.

- İtaliya klublarının Çempionlar Liqası üçün təkmilləşmədikləri deyilir. Bu barədə nə deyə bilərsiz?

- Bu fikirlə razı deyiləm. Biz İspaniya, İngiltərə kimi ölkələrin klublarına qarşı normal oyunlar keçirmişik. Düşünmürəm ki, bu, keçdiyimiz məşqlərlə bağlıdı. Bunun başqa səbəbi olmalıdı.

- “Roma”nı qarşıda çətin oyunlar gözləyir. Həmin oyunları nəzərə alaraq, “Qarabağ”a qarşı matçda güzəşt etmək fikriniz var?

- Bizi çətin oyunlar gözləyir. Bilirik ki, texniki cəhətdən “Qarabağ”dan üstünlüklərimiz çoxdu. Lakin biz ancaq qələbə barədə düşünürük. Rəqiblərimizə qəddar oluruq. Heç bir komandaya güzəşt etmək barədə düşünmürük. Hər bir oyun bizim üçün vacibdi.

- “Roma”nın icraçı direktoru Umberto Qandini “Qarabağ”ın hücumçusu Mahir Mədətovu izləyəcəklərini demişdi. Siz bu barədə nə deyə bilərsiz?

- (Mahirin adını tərcüməçi ilə dəqiqləşdirdikdən sonra cavab verdi) Çox maraqlı oyunçudu. Onu uzaqdan zərbələri ilə tanımışıq. Ancaq bizim üçün sabahkı matçda qalib gəlmək daha əsasdı. “Qarabağ”da ondan daha təhlükəli oyunçular var. Onlar da bizi maraqlandırır.

- Qrequar Defrel 3 oyunda çıxış etdi, daha sonra isə ona şans vermədiz. Bunun səbəbi nədi?

- Mən bu oyunçunu hamıdan yaxşı tanıyıram. Mənim üçün xüsusi futbolçudur. Ona şans vermirəmsə, bu o demək deyil ki, ona daha şans verməyəcəm. Öz üzərində bir az daha çalışmalıdı.

Sonda baş məşqçi mətbuat konfransına gecikdikləri üçün jurnalistlərdən üzr istədi.


Müəllif: Teleqraf.com