17 Oktyabr 2017 15:11
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məncə, rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Rəqibimiz son 4 ildə iki dəfə Çempionlar Liqasının finalçısı, son dövrlərdə isə La Liqa və İspaniya kubokunun qalibi olub. Taktiki analizlərimizi aparırıq, inşallah, əlimizdən gələni edəcəyik ki, layiqli mübarizə aparaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Atletiko Madrid”lə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. Jurnalistlərin suallarını cavablandıran baş məşqçi Qurban Qurbanov və yarımmüdafiəçi Qara Qarayev bəzi məsələlərə aydınlıq gətiriblər:

- Qurban müəllim, “Atletiko” ilə oyundan əvvəl rəqibdə hansı zəif cəhətləri tapmısınız?

- Rəqibin çox güclü baş məşqçisi var, hətta deyərdim, dünyanın ən güclü məşqçilərindəndir. “Atletiko Madrid” dünyanın ən güclü müdafiə olunan komandalarındandır. Buna görə, fikrimcə, zəif cəhəti yoxdur. Amma topu özümüzdə saxlamaqla rəqib müdafiəsində boşluqlar tapa bilərik.

İspan jurnalist: Azərbaycanın təmsilçisi “Qarabağ”ın bu oyunda və Çempionlar Liqasında hədəfi nədir?

- Hədəfimiz, əlbəttə ki, rəqibə güclü müqavimət göstərməkdir. Biz sabah doğma azərkeşlərimizin önündə çalışacağıq ki, xal qazanaq, amma təbii ki, “Atletiko” kimi komandanın oynadığı liqa ilə “Qarabağ”ın oynadığı liqanın keyfiyyət fərqi sabah özünü göstərəcək. Biz əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sabah sevindirə bilək.

- Qurban bəy, Ndlovunun vəziyyətini soruşmaq istəyərdim. Son oyunda 2 qol vuran Ndlovu oyundan axsayaraq çıxdı.

- Dino dünən məşqi yarımçıq buraxdı, ağrıları var. Vəziyyəti haqqında tam olaraq nəsə demək çətindir.

İspan jurnalist: Qara Qarayev, hazırda sizdə olmayan şəhəri təmsil etmək sənə nə məna ifadə edir?

- Sözsüz ki, ana torpağımızda oynaya bilməmək hər birimizə ağırdır, amma buna baxmayaraq, “Qarabağ” futbol klubu bizim Qarabağ özləmimizi az da olsa, dindirir. Ümid edirəm ki, tezliklə öz şəhərimizdə meydana çıxacağıq.

- Dino Ndlovunun zədəli olduğunu nəzərə alsaq, sabah əsas heyətdə Ramil Şeydayevi, yoxsa Mahir Mədətovu meydana buraxacaqsınız?

- Sabaha kimi bir neçə məşqimiz var. Açığı, hələ qərar verməmişəm, sabaha kimi məşqləri və oyun templərini izləyib, qərar verəcəm.

- Qara, artıq 4 ildir Avropa Liqasının qrup mərhələsində iştirak edirsiniz, lakin nə sizə, nə də başqa yerli futbolçularımıza Avropanın top klublarında təklif gəlmir, sizcə, səbəb nədir?

- Düşünürəm ki, bu 4-5 ildə futbolçu olaraq istənilən səviyyəyə gəlməmişəm. Yəqin ki, buna görədir. Lakin mən əvvəlki açıqlamalarımda da bildirmişəm, əgər Avropanın top komandalarından təklif gəlsə, pula baxmayacam və düşünmədən qəbul edəcəm.

- Bildiyimiz kimi, “Roma” oyunundan fərqli olaraq bu oyunda biletlərin yarısı satılıb. Bunu nəzərə alaraq azarkeşlərə necə çağırış edərdiniz ki, stadion sabah axşam tam olaraq dolsun.

- Məncə, bizim Çempionlar Liqasında oynadığımız hər 3 oyun Bakıda bayram kimi qeyd olunmalıdır, çünki bu, hər il baş vermir. Belə bir oyun üçün müəyyən çətinliklərlə mübarizə aparmaq lazımdır. Bizə sabah hər şeydən çox azarkeş dəstəyi lazımdır. Fikrimcə, sabaha kimi lazımı qədər bilet satılacaq və “Roma” oyununda boş qalan yerlər belə dolacaq.

Qurban Qurbanov:

- Asan heç nə yoxdur və çətinlik olan yerdə uğur daha çox olur. Biz bu günlərə çətin yollardan keçib gəlmişik. Amma heç bir azarkeşimizdən narazı deyilik. Burada təkcə 60 minlik stadionu yox, milyonlarla insanı təmsil edirik. Əlbəttə ki, bütün azarkeşlərimizi stadiona dəvət edirəm. Unutmayın ki, futbolçular nə qədər çox azarkeş qarşısında oynasa, o qədər inamlı və istəkli olurlar.

- Sizcə, bu gün “Qarabağ”ın heyətində “Roma” və “Atletiko” komandalarının heyətində oynaya biləcək oyunçular var?

- Gəlin özümüzü aldatmayaq, məncə, bizdə o səviyyədə oynaya biləcək futbolçular yoxdur. Bunun hamısı yerli çempionatdakı oyun səviyyəsindən irəli gəlir. Əgər biz ilboyu “Atletiko”, “Çelsi” kimi komandalarla 2-3 yox, 50-60 oyun oynasaq, onda təbii ki, bizim oyunçularımızın da oyun səviyyəsi artar və top klubların diqqət mərkəzində olarlar. Amma təkcə oyunçuları qınamaq düzgün olmaz. Ümid edirəm, bu problemlər zamanla aradan qalxacaq.


Müəllif: Teleqraf.com