20 Noyabr 2017 23:20
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idmançılarının mötəbər beynəlxalq turnirlərdə qazandıqları uğurlarda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının da öz payı var. Azərbaycanın hər səhifəsi parlaq qələbələrlə zəngin olan idman tarixinə nəzər yetirdikdə bunu aydın görmək mümkündür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, belə idmançılardan biri də DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşı, polis serjantı Nicat Hüseynovdur.

Güc, çeviklik və düşüncə tələb edən kempo idmanı ilə məşğul olan N.Hüseynov bu yaxınlarda Buxarestdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Yarışla bağlı təəssüratlarını bölüşən idmançı deyib: “Çempionatda Avropanın ən güclü, titullu idmançıları iştirak edirdilər. Birinci döyüşüm Macarıstan idmançısı ilə oldu və onu məğlub etdim. İkinci qarşılaşmada fransalı rəqibim üzərində qələbə qazanmağım elə də çox vaxt aparmadı. Yarımfinalda yerli idmançı ilə qarşılaşmam tamaşaçılar üçün xüsusən böyük maraq kəsb edirdi. Azarkeşlər öz idmançılarından qələbə gözləyirdilər. Lakin qələbəni mən qazandım və sübut etdim ki, harada olursan-ol özünəinam hissi insanı qələbəyə doğru aparır. Yarımfinalda olduğu kimi, finalda da rəqibim rumıniyalı idmançı oldu. Döyüş çox çətin keçdi. Etiraf edim ki, rəqibim çox güclü idi və mən gümüş medalla kifayətlənməli oldum”.

Azərbaycan atletlərinin, eləcə də DİN-in əməkdaşı olan idmançıların daha böyük uğurlar qazana bilmələri üçün yaradılmış əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirən N.Hüseynov deyib: “Bu əlverişli şəraitdən istifadə edərək qarşıdakı yarışlara daha ciddi hazırlaşıb adımızı birincilər sırasına yazdıracağıq”.


Müəllif: Teleqraf.com