28 Noyabr 2017 16:16
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” - “Çelsi” qarşılaşmasını nə stadiondan, nə də televizordan izləyə bildim. Həmin vaxt şəxsi işimlə əlaqədar rayonun yolunu tutmuşdum. Amma 10 yaşlı oğlum stadionda idi. Qarşılaşmadan bir saat sonra zəng edib, Turanın evə çatıb-çatmadığı ilə maraqlandım. Səsi tamamilə tutulmuşdu. Aramızda belə bir dialoq oldu:

- Turan, səsin niyə tutulub, soyuqladın stadionda?

- Yox, ay ata, soyuqlamamışam. Səsim də qışqırmaqdan tutulub.

- Kimə qışqırırdın?

- Hakimlərə qışqırırdım. Ay ata, belə də haqsızlıq olar? Niyə futbolda ikili standartlar olur?

Turana təsəlli verməyə söz tapa bilmədim. “İkili standartlar” deyimi siyasətə aid edilir çox vaxt. Futbol idmandır. “İdman siyasətə qarışmır” deyirlər axı. Belə çıxır ki, siyasət idmana qarışır.

Bəli, idman həm də siyasətdir. Böyük klubların oynadığı siyasət. Böyük klublar təkcə futbol oynamırlar, həm də “oyun” oynayırlar. Siyasi oyun. Eynən böyük dövlətlərin oynadıqları siyasi oyunlar kimi. Böyük dövlətlərin siyasi oyunlarının qurbanları kiçik dövlətlər olur. Böyük klubların da hədəfi kiçik klublardır. Bu gün dünya siyasətində baş verənlərə nəzər salın. Böyük dövlətlər sərvət naminə az qala kiçik dövlətləri bütünlüklə yer üzündən silirlər. “Böyüklər”in tox olması naminə, “kiçiklər” əzilir, məhv edilir.

UEFA “böyüklər”in təzyiqi altında

Futbolda da eyni tendensiya hökm sürür. Heç şübhə olmasın, nəinki “Çelsi” ilə qarşılaşmada, heç “Atletiko” ilə oyunlarda da “Qarabağ”ın futbolçularına göstərilən qırmızı vərəqələr, böyük klubların oyunçularına göstərilməzdi. Bu, birmənalıdır.

Bəs futboldakı ikili standartlar nədən qaynaqlanır? Avropanın böyük büdcəyə sahib klubları həmişə UEFA-nı təzyiq altında saxlayıblar. Çempionlar Liqası olduqca varlı turnirdir. Burda yaxşı pul qazanmaq olar. UEFA ÇL-in formatını dəyişib, komandaların sayını 32-yə yüksəldərkən, kiçik ölkələrin də təmsilçilərinin bur turnirdə iştirakına şərait yaratmışdı. Şərait yaratmışdı ki, “Qarabağ”, “Astana”, “Şerif” kimi klublar da Çempionlar Liqasında iştirak edə bilsinlər, pul qazansınlar və beləcə, Azərbaycanda, Qazaxıstanda, Moldovada futbol inkişaf etsin. Ancaq “böyüklər” - büdcəsi yarım milyarddan bir milyarda qədər olan klublar bununla heç cür razılaşmaq istəmirlər. Onlar ÇL-dəki vəsaitin ancaq öz aralarında bölünməsini istəyirlər. Madrid “Atletiko”sunun marağında deyil ki, hansısa “Qarabağ”la oyunda xal itirsin və bu itki milyonlarla vəsaitin əldən çıxması ilə nəticələnsin. Elə “Çelsi”, “Real”, “Barselona”, “Mançester Yunayted” də bu fikirdədir. Bu klublar büdcəsi 20 milyonu aşmayan, amma ipə-sapa yatmayan “Qarabağ” kimi komandaları ÇL-də görmək istəmirlər. Turnirin formatını dəyişmək üçün UEFA-ya təzyiq edirlər. Bir neçə dəfə hədə-qorxu da gəliblər, ayrıca turnir təşkil edəcəkləri ilə bağlı UEFA-ya ultimatum da veriblər. UEFA da “böyüklər”in nazı ilə oynamağa məcburdur. Elə ona görə də, “Atletiko” ilə hər iki qarşılaşmada “Qarabağ” azlıqda saxlanıldı. Sanki “Atletiko”ya “hakim işini gördü, indi siz öz işinizi görün” mesajı verildi. “Atletiko”nun öz işini görə bilməməsi isə artıq onların günahıdır.

“Çelsi” ilə qarşılaşmanın əvvəlində də “Qarabağ” özünü “pis” aparıb, İngiltərə çempionunu incidib. Oyunun gedişini müşahidə edən hakim “təhlükə”ni hiss edib və “iş”ini görüb. Vəssalam, “Çelsi” razıdır, növbəti mərhələdədir. Elə UEFA da razı qalmalıdır. “Qarabağ”sevərlərin narazılığı isə heç nəyi dəyişməyəcək. Uzaqbaşı, “UEFA mafiya” şüarı daha bir ölkənin - Azərbaycanın da stadionlarında asılacaq.

UEFA-nın sabiq prezidenti Mişel Platini korrupsiyada ittiham olunaraq, futboldan uzaqlaşdırılıb. Deməli, təşkilatın imicinə ciddi zərbə dəyib. Gözləmək olardı ki, yeni prezidentin seçilməsindən sonra bu imicin sağlamlaşdırılmasına yönəlik addımlar atılacaq. Bunun üçün ilk növbədə “uşaq səhvləri” edən hakimlərin gözləri açılmalı idi. Amma nə fayda... Bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində “İnter”lə keçirilən oyunda hansısa səbəbdən “Qarabağ”ın təmiz qolunu saymayan hakimin başqa həmkarları bu dəfə “qırmızı”ya sevgi bəsləyirlər. UEFA böyük klubların təzyiqi qarşısında davam gətirmir. Elə növbəti mövsümdən Çempionlar Liqasının formatında ediləcək dəyişikliklər də məhz “böyüklər”in tələbiylə gerçəkləşir. Bu dəyişikliklərdən sonra “kiçiklər”ə ÇL-də yer çox çətin tapılacaq.

“İkinci eşalon” necə yaşayır?

Bəs “Qarabağ” kimi klublar nə etməlidirlər? “Qarabağ”ın Çempionlar Liqasında prioritet vəzifəsi “Çelsi”yə, “Atletiko”ya qalib gəlmək olmalıdır? Yox, Azərbaycan klublarının istər Avropa Liqasında, istərsə də Çempionlar Liqasında iştirakı tamamilə başqa strategiya üzərində qurulmalıdır. Büdcəsi uzaqbaşı 20 milyon olan bir klub büdcəsi yarım milyardı aşan bir komandaya bir dəfə qalib gələ bilər. Vəssalam. Amma “Qarabağ”ın pulu başqa vasitə ilə əldə etmək imkanı da var. Elə Azərbaycanın digər klublarının da. Necə? Portuqaliya təmsilçisi “Benfika” Çempionlar Liqasında “Mançester Yunayted”i çıxmaq şərtilə, ortabab klublarla - “Bazel” və ÇSKA ilə bir qrupda yer alıb. Amma Portuqaliya nəhəngi 5 turdan sonra hələ də xal toplaya bilməyib. “Benfika” rəsmiləri buna görə ah-vay etmirlər. Düzdür, Çempionlar Liqasında xallar əldə etmək, qələbələr qazanmaq onların məqsədidir. Ancaq əsas məqsədləri deyil. Onların prioritet vəzifəsi bir neçə gənc futbolçularını varlı klublara baha qiymətə satmaqdır. “Benfika” ÇL-in qrupunda xal toplamasa, klub rəsmiləri məyus olmayacaqlar. Onlar ən nüfuzlu turnirin sonunda futbolçu sata bilmədikdə narazı qalacaqlar.

Bəli, Portuqaliya, Hollandiya klubları əsasən bu strategiya ilə işləyirlər. Ötən il Avropa Liqasının finalında oynamış “Ayaks” indi hardadır? Heç Hollandiya çempionatında da lider deyil. Niyə? Ona görə ki, ötən mövsüm Avropa Liqasının finalında oynayan “Ayaks”ın orta yaşı 21-dən bir qədər yuxarı idi. Klub o futbolçuların çoxunu satdı. İndi isə hədəf yeni - böyük klubların marağını cəlb edəcək, pul kisəsini boşalda biləcək futbolçular yetişdirməkdir.

Portuqaliyanın, Hollandiyanın heç vaxt avrokuboklarda görünməyən klubları da bu strategiya ilə işləyirlər. Məsələn, “Maritimu” adlı klub eşidibsiz? Yəqin ki, çoxunuz “yox” cavabı verəcək. Bu klub həm özü futbolçu yetişdirir, həm də skautları Afrikanı, Cənubi Amerikanı gəzərək istedadlı gənc futbolçuları komandaya gətirirlər. “Maritimu” bu futbolçuları “Benfika”, “Portu” kimi nəhənglərin “gözünə soxur”. Onları elə Portuqaliya nəhənglərinə satır. “Portu”, “Benfika” kimi klublar həmin futbolçuları daha da inkişaf etdirərək, Avropa nəhənglərinə “sırıyırlar”.

“Səbail”ə verilən sual, “Sumqayıt”ın dəyişən hədəfi

Azərbaycan klubları da məhz bu strategiyanı əsas götürməlidirlər. Amma bunun üçün futbol təsərrüfatında işə peşəkar yanaşma lazımdır. İdman mətbuatından tutmuş, klub idarəçiliyinə qədər. İdman mətbuatından söz düşmüşkən, əvvəlcə özümüzün nöqsanımızı deyək, sonra keçək idarəçilərə. Məsələn, “Səbail” Azərbaycan Premyer Liqasında bu mövsümdən debüt edir. İdman jurnalistlərinin bazası, stadionu, uşaq futbol məktəbləri olmayan bu klubun rəsmilərinə verdikləri ilk sual isə belə olur: “Avrokuboklara vəsiqə qazanmağı qarşınıza məqsəd qoyacaqsız?”

Jurnalistlər artıq ilk andan klub rəsmilərini təzyiq altına salırlar, “baxın ha, məqsədiniz bu olmasa, tənqid olunacaqsız” mesajını verirlər. Qeyri-peşəkar idarəçilər də bu təzyiqin qarşısında davam gətirmirlər.

Başqa bir misal çəkim. “Sumqayıt” Azərbaycan Premyer Liqasında mübarizəyə başlayarkən, AFFA rəhbərliyi bildirmişdi ki, əsas məqsəd gənc futbolçuların inkişaf etdirilməsi, yığma komandalara futbolçu verməkdir. Ancaq 2-3 mövsümdür ki, “Sumqayıt” rəhbərliyi “əsas məqsədimiz avrokuboklara vəsiqə əldə etməkdir” deyir. Sual verərlər, avrokuboklara vəsiqə qazanıb, nəyə nail olacaqsız? Avropaya kiminlə gedəcəksiz, orda kimləri təqdim edəcəksiz? Axı siz hələ yığma komanda üçün bircə futbolçu da yetişdirə bilməyibsiz. Sizin yetişdirdiyiniz futbolçular burda “Qarabağ”ın, “Qəbələ”nin diqqətini cəlb etməyibsə, “Real”a, “Arsenal”a, lap elə deyək, “Beşiktaşa”a, “Spartak”a, ÇSKA-ya, “Benfika”ya kimi göstərəcəksiz?

“Qarabağ”ın prioritet vəzifəsi “Çelsi”yə qalib gəlmək olmamalıdır. “Qarabağ”ın əsas hədəfi Avropa nəhənglərinə futbolçu satmaq olmalıdır. Elə “Sumqayıt”, “Səbail” kimi klubların da prioritet vəzifəsi avrokuboklara vəsiqə yox, futbolçu yetişdirmək, onları “Qarabağ”, “Qəbələ” kimi klublara satmaq olmalıdır. Amma bunun üçün futbol təsərrüfatında peşəkarlar olmalı, uşaq futbolunu inkişaf etdirəcək infrastruktur qurulmalıdır.

İdman siyasətə qarışmasa da, artıq siyasət idmana qarışıb. Bu, birmənalıdır. Siyasət olan yerdə isə ikili standartlar da olmalıdır. Biz də bu ikili yanaşmadan əziyyət çəkəcəyik. “Qarabağ”ın Çempionlar Liqasının qalibi olması mümkünsüzdür. Lap deyək ki, bütün ölkə səfərbər olub, bunu bir dəfə gerçəkləşdirə bildi. Sonra necə olacaq? Amma “Çelsi”nin, “Real”ın, “Barselona”nın, “Mançester Yunayted”in heyətində hansısa azərbaycanlı futbolçunun Çempionlar Liqasında qalib gəlməsi daha realdır. Beləcə, futbolun ikili standartlarına qalib gəlirsən. “Böyüklər” yaxşı pul qazanırlar, “kiçiklər” də o pulu “talayırlar”. Yetişdirdiyi məhsulu satmaqla. Bəlkə real olana sərmayə qoyaq? (komanda.az)


Müəllif: Natiq Muxtarlı