6 Dekabr 2017 16:14
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə F.Qayıbovla yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AGF-nin vitse-prezidenti Altay Həsənov iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, 2017-ci il Azərbaycan üçün çox uğurlu olub: “Bu ay ilə yekun vuraraq son rəqəmləri elan edəcəyik. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları baş tutdu, iki idmançımız üçqat dünya çempionu oldu, MOK-un 25 illik yubileyi keçirildi və s. Nəhayət, Fərid Qayıbov UEG-nin prezidenti seçildi. Bu, böyük məsuliyyətdir. İdmanda Avropa böyük önəm kəsb edir. Yay Olimpiya Oyunlarında medalların 50 faizi bu qitədən qazanılır. Bu qitədə federasiya prezidenti olmaq şərəfli və məsuliyyətli işdir. Fərid Qayıbov bu işin öhdəsindən layiqincə gələcək, gimnastikanın inkişafına öz töhfəsini verəcək. Bu həm də AGF-nin uğurudur. Gimnastikamız bu səviyyəyə çatmasaydı, Fərid Qayıbovu da Avropada tanımayacaqdılar. Bu münasibətlə AGF-nin prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. F.Qayıbova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

A.Həsənov da Fərid Qayıbovun UEG-nin prezidenti seçilməsinin Azərbaycanın ictimai həyatında böyük hadisə olduğunu vurğulayıb: “Hamımız çox sevinirik. Xeyli təbrik oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden Mehriban Əliyeva da Fərid Qayıbova öz diqqətlərini göstərdilər. Mehriban Əliyeva AGF-nin prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növündə mühüm dəyişiklilər baş verdi, inkişaf oldu. Nailiyyətlərimiz çoxdur. Biz idman sahəsində təşkilatçılığa qadirik. Avropa idman ictimaiyyəti Fərid Qayıbovu seçməklə bunu bir daha isbatladı. Fərid Qayıbov çox məsuliyyətli insandır. Onun gördüyü işlər hər zaman uğurla nəticələnirdi. O, UEG-nin baş katibi, vitse-prezidenti vəzifələrində çalışmışdı. Qərara aldıq ki, prezidentliyə də onun namizədliyini verək”.

F.Qayıbov isə ona dəstək verən şəxslərə minnətdarlıq edib: “Hamınıza minnətdarlığımı bildirirəm. Əvvəlcə dövlət başçısı İlham Əliyevə. Bizdə çox yüksək səviyyədə şərait yaradılıb. Milli Gimnastika Arenası dünyada tayı-bərabəri olmayan idman qurğusudur. Bakı gimnastikanın paytaxtlarından biridir. Buna görə də federasiyamızın prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. 15 il onun rəhbərliyi altında böyük nailiyyətlər əldə etmişik. Onun komandasının üzvü kimi UGF-nin prezidenti seçilmişəm. Federasiyanın vitse-prezidenti Altay Həsənova da mənə düzgün yol göstərdiyi üçün təşəkkür edirəm. Bütün kollektivə, ailə üzvlərimə minnətdaram. Bakıya qayıdandan sonra sosial şəbəkələr vasitəsilə təbriklər almışam. Başa düşdüm ki, ölkəm üçün böyük işlər görmüşəm. Rəqibim olan sloveniyalı funksioner də çox layiqli namizəd idi. Onu qabaqladığım üçün sevincliyəm. Eyni zamanda avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olmuşam. AGF-nin baş katibi vəzifəsindən ayrılacağam. Bununla bağlı ərizə ilə müraciət etmişəm”.

O həmçinin etimadı doğrultmağa çalışacağını deyib: "Bunun üçün səylə çalışacağam. Bu gün 100-dən çox idmançımız var. Buna çox sevinirik. Biz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına yollananda 6-cı idmançını tapa bilmirdik. Bu gün rayonlarımızda da gimnastlarımız yetişməkdədir. Yalnız Bakı ilə kifayətlənmirik. UEG-də öz işimi görəcəyəm. Avropa ölkələri mənə səs veriblər. İki ildən bir UEG-nin Nonqresi keçirilir. İnanıram ki, iki ildən sonra gördüyüm işlərlə onların qarşısına çıxacağam. İşləmək, yadda qalmaq üçün namizədliyimi vermişəm”.

Qeyd edək ki, F.Qayıbov 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının Şurasının (FİG) üzvü, 2013-cü ildə isə UEG-nin vitse-prezidenti seçilib və son dörd il ərzində həmin vəzifəni icra edib. Ötən il AGF-nin İcra Komitəsinin iclasında F.Qayıbovun UEG-nin prezidentliyinə namizədliyinin irəli sürülməsi haqqında qərar verilib. Daha sonra işçi qrupu yaradılıb və bir il ərzində seçkiqabağı kampaniya aparılıb. 2017-ci il dekabrın 2-də Xorvatiyanın Split şəhərində keçirilən UEG-nin 27-ci hesabat-seçki xarakterli Konqresində F.Qayıbov quruma prezident seçilib. O, növbəti 4 il ərzində fəaliyyətinə 8 gimnastika növü daxil olan UEG-yə rəhbərlik edəcək və avtomatik olaraq FIG-nin İcraiyyə Komitəsinin üzvü olacaq./Report/


Müəllif: Teleqraf.com