3 Avqust 2014 21:45
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qolf Federasiyası və European Tour-un təşkilatçılığı ilə Qubadakı Milli Qolf Klubunda keçirilən beynəlxalq Challenge Tour yarışması başa çatıb. Turnirin qalibi almaniyalı qolfçu Morits Lampert olub.

Trend xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Qubadakı yarışda iştirak edən bütün qolfçulara öz təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Qubada keçirilən Challenge Tour yalnız bir başlanğıcdır və gələcəkdə ölkəmizdə qolf üzrə daha mühüm, əhəmiyyətli tədbirlər keçiriləcək: "Dəvətimizi qəbul edərək, Qubada turnirə qatılan bütün qolfçulara öz təşəkkürümü bildirirəm. Çox gözəl yarış alındı. Ümid edirəm ki, Qubadakı Milli Qolf Klubunda təkcə European Challenge Tour deyil, həm də qolf üzrə digər beynəlxalq yarışlar da baş tutacaq".

Daha sonra çıxış edən European Tour-un prezidenti Allan de Soltre Azərbaycanın Challenge Tour-un keçirildiyi 45-ci ölkə olduğunu vurğulayıb: "Azərbaycanın 2 yaşlı Qolf Federasiyası yarışın keçirilməsi üçün böyük işlər görüb və buna görə, bütün bu işlərin təşkilatçısı cənab Anar Məmmədova dərin minnətdarlığımı bildirirəm. Göstərdiyiniz dəstəyə görə sizin hər birinizə təşəkkür edirəm. Azərbaycanın Qolf Federasiyası, Qubadakı Milli Qolf Klubu doğrudan da fantastik bir iş gördü".

Daha sonra Azərbaycanda keçirilən Challenge Tour-un qalibləri təqdim olunub. European Tour-un icraçı direktoru Matts Lanner yarışın bütün mərhələlərini başa vurduqdan sonra 4 qalibin növbəti mərhələyə keçdiyini söyləyıb.

Yarışda 4-cü yeri İngiltərən olan Stiven Braun, 3-cü yeri digər ingiltərəli oyunçu Endrü Conson, 2-ci yeri fransalı qolfçu Maykl Lorenso tutub.

Azərbaycanda keçirilən beynəlxalq Challenge Tour-un qalibi isə bu il artıq üçüncü qələbəsini qeyd edən almaniyalı qolfçu Morits Lampert olub. Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov turnirin kuboku və mükafatını qalib qolfçuya təqdim edib. M.Lampert belə bir möhtəşəm yarışın keçirilməsinə görə Azərbaycan Qolf Federasiyasına və yarışda təşkilatçılara dəstək olan könüllülərə öz dərin minnətdarlığını bildirib.

Beləliklə, Azərbaycan tarixində ilk dəfə keçirilən Challenge Tour başa çatıb. Ölkəmizdə növbəti Challenge Tour yarışması 2015-ci ildə keçiriləcək.

Qedy edək ki, iyulun 31-də start götürən "Azerbaijan Challenge Open" turnirində 150-dən artıq qolfçu iştirak edib.


Müəllif: