11 Yanvar 2018 02:16
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün yoxlama oyunu keçirib.

Teleqraf.com xəbər verir ki, komandanın 2018-ci ilin ilk sınağında rəqibi “Akhisar Bələdiyyəspor” olub. Qarşılaşma Bələkdəki “Rixos Premium” otelinin meydançasında baş tutub. “Qırmızı-qaralar” Türkiyə Super Liqasında çıxış edən rəqiblə görüşə aşağıdakı start heyəti ilə başlayıb:

Murad Popov, Qismət Alıyev, Voyislav Stankoviç, Ürfan Abbasov, Ruslan Qurbanov, Asif Məmmədov, Cavid Hüseynov, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Famussa Kone.

Maraqlı və bərabər mübarizə şəraitində keçən oyunda hesab 17-ci dəqiqədə açılıb. Akhisar təmsilçisinin legioneri Serjinyo fərqlənib. Qarşılıqlı hücumlarla davam edən ilk yarıda hesab dəyişməyib. Matçın fasiləsində hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib.

Matçın gedişində “Qəbələ”də Vitali Vernidub, Elvin Camalov, Elvin Məmmədov, Təmkin Xəlilzadə, Kalke Vercilio, İlqar Qurbanov, Yusif Nəbiyev, Alen Askerov, Hacıağa Hacılı və Rasim Ramaldanov da oyuna daxil olublar. İkinci hissənin əvvəllərində “Qəbələ” qol sevinci yaşayıb. Filip Ozobiç 57-ci dəqiqədə hesabda tarazlıq yaradıb. Bu, həm də matçın yekun nəticəsi olub.

Beləliklə, 2017/18 mövsümünün ikinci yarısına hazırlıq prosesində baş tutan ilk yoxlama oyunu 1:1 hesabı ilə başa çatıb.

Sonda onu da bildirək ki, Kayke Vercilio da Silva əyalət klubunun baxışa çağırdığı futbolçulardandı. O, təlim-məşq toplanışında və sınaq matçlarında özünü yaxşı tərəfdən göstərə bilsə, klubla müqavilə imzalayacaq.

21 yaşlı braziliyalı hücumçu son olaraq Braziliyanın “Santos” klubunun formasını geyinib. “Korintians”ın yetirməsi daha öncə “Tespakusatsu Qunma” klubunda da çıxış edib.


Müəllif: Teleqraf.com