17 Yanvar 2018 08:31
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsindəki 2-ci görüşdə rəqib İsveçrə təmsilçisi “Sürix” olacaq.

Antalyadakı “Kaya Bələk” otelinin meydançasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

“Sürix” “qırmızı-qaralar” üçün tanış rəqibdir. Komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanıb. Həmin matçda Aleksey Antonov iki, Vadim Abdullayev və Samir Zərgərov hərəyə 1 dəfə fərqlənib. Hazırda “qırmızı-qaralar”ın şərəfini qoruyanlardan Dmitri Bezotosnı, Voislav Stankoviç, Asif Məmmədov, Vitali Vernidub, Ürfan Abbasov, Qismət Alıyev 728 gün öncə Roman Qriqorçukun şans verdiyi oyunçulardan olublar.

“Sürix”lə görüş “Qəbələ”nin 95-ci beynəlxalq yoxlama matçı olacaq. Bunadək 94 oyuna çıxan “qırmızı-qaralar” 42 qələbə qazanıb, 19 heç-heçə edib və 33 dəfə uduzub. Hesabında 154 qol olan komanda 100 top buraxıb.

Xatırladaq ki, Antalyadakı ilk sınağında Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdı.


Müəllif: Teleqraf.com