9 Fevral 2018 13:32
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, FİFA Dünya Çempionatının kuboku Azərabaycana gətirilib.

Teleqraf.com xəbər verir ki, “Hilton” hoteldə kubokun təqdimetmə mərasimini “Koka-Kola”nın rəsmisi Elşad Fərzəliyev açıq elan edib.

Tədbirdə 1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olan əfsanəvi futbolçu Kristian Karambö və AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib.

Açılış mərasimindən öncə qonaqları salamlayan K.Karambö Bakıda olmaqdan məmnunluğunu bildirib:

"Bakı həmişə idman tədbirlərinin keçirilməsində maraqlı olub və təşəbbüs göstərib. Qeyd etmək lazımdır ki, Bakı həddən artıq müasir şəhərdir. Azərbaycandan söz düşümşkən, bu ölkənin futbolunu da qeyd etmək lazımdır. Bildirmək istəyirəm ki, milliniz Prosineçkinin rəhbərliyi altında yaxşı çıxış etdi”.

Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək qonaqları və kuboku salamlayıb:

“Uzun müddətdir tərəfdaşımız olan “Koka-Kola şirkətinə təşəkkür edirik ki, bu bayramı bizə yaşatdı. Ümid edirəm ki, gələcəkdə biz də Dünya Çempionatına ev sahibliyi edəcəyik. İnşallah, milli komandamız bu kuboku ölkəmizə qazandırar”.

Mətbuat konfransından sonra Dünya Çempionatının kuboku jurnalistlərə nümayiş etdirilib. Daha sonra kubok futbolsevərlərə təqdim edilmək üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılıb.


Müəllif: Zümrüd