26 Aprel 2014 12:16
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer-Liqasında 32-ci turun görüşləri aprelin 27-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, turun mərkəzi qarşılşmasa mərkəzi arenada baş tutacaq. Çempionatın lideri “Qarabağ” “Neftçi”ni qəbul edəcək . “Qarabağ” bu qarşılaşmada qalib gəlməklə çempionluğunu rəsmiləşdirə bilər. Təbii ki, “Neftçi”də əzəli rəqibinin məhz onu məğlub edib çempion olmasını istəməz. Ona görə də mərkəzi arenda amansız mübarizənin gedəcəyi gözlənilir. Əzəli rəqiblər çempionatda 56-cı dəfə üz-üzə gələcəklər. Eyni sayda qələbəsi olan (17) komandaların matçlarında “Neftçi” yalnız top fərqində öndədi. Lakin son 3 matçda uduzmayan, ardıcıl 2 dəfə qalib gələn “Qarabağ” evindəki 3 matçda meydanı qolsuz tərk etməyib. 21 matç sülhlə bitib. Cari mövsümdə baş tutan ilk qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Növbəti iki oyunda isə "Qarabağ" 3:1 və 4:1 hesablı qələbələrə sevinib.

“İnter” mane olacaq?

Turnir cədvəlində liderin ən yaxın izləyicisi olan “İnter” Azərbaycan kubokunda mübarizəni dayandıran “Xəzər Lənkəran”ı qəbul edəcək. “Bankirlər” “Qarabağ”ın çempionluğunu rəsmiləşdirməməsi üçün mütləq qalib gəlməyə çalışacaqlar.

Komandalar çempionatda 28-ci dəfə üz-üzə gələcəklər. 28-ci duel öncəsi qələbə sayında ikiqat üstünlüyə malik “İnter” son 6 görüşdə uduzmayıb. Bakılılar son 4 ev oyununda qol buraxmayıb. Paytaxtdakı son 3 görüşdə qolsuz bərabərlik qeydə alınıb. "Xəzər Lənkəran" isə 4 dəfə qələbə qazanıb, 15 matçda qalib müəyyənləşməyib. "İnter"in 27 qoluna lənkəranlılar 24 dəfə cavab verə bilib. Cari mövsümdə baş tutan ilk oyunda "İnter" 1:0 hesablı qələbə qazanıb. Növbəti iki matçda 0:0 və 1:1 hesablı heç-heçələr qeydə alınıb.

“Qəbələ”də üzlər gülür

Ötən tur “Rəvan”a qalib gəlməklə uğursuzluq zolağından çıxan “Qəbələ”də üzlər gülür. Azərbaycan kubokunun finalına adlayan komandanın düşərgəsində əhval-ruhiyyə yerində olmalıdı. “Qəbələ” bu tur öz meydançasında “Simurq”u qəbul edəcək. Komandalar çempionatda 22-ci dəfə qarşılaşacaqlar. Rəqiblərin oyunlarda qələbə, heç-heçə və məğlubiyyət sayı eynidi - 7. İstənilən nəticə "7-lər"dən birinin pozulması ilə nəticələnəcək. "Qəbələ" top fərqində öndədi - 20:18. Lakin zaqatalalılar son 4 səfər matçında meydanı qolsuz tərk etməyib. Cari mövsümdə Zaqatalada baş tutan oyunlar 0:0 hesabı ilə başa çatıb. Qəbələdəki yeganə oyunda meydan sahibləri qələbəyə sevinib - 2:1.

“Sumqayıt” “Bakı”ya da badalaq vuracaq?

Ötən tur “Neftçi”yə qalib gələn “Sumqayıt” bu dəfə “Bakı”nı qəbul edəcək. “Bakı”nın düşərgəsində isə vəziyyət ürəkaçan deyil. Ötən tur “İnter”ə məğlub olan “zolaqlılar” “Sumqayıt”a məğlub olsalar hazırda qərarlaşdıqları 4-cü pilləni itirməklə avrokuboklar sevdasından əl çəkə bilərlər. Komandalar çempionatda 8-ci dəfə üz-üzə gələcəklər. Bu matçlarda “zolaqlılar” böyük üstünlüyə malikdi - 4 qələbə. “Sumqayıt” cəmi 1 oyunda qalib gəlib, 2 matç sülhlə bitib. "Bakı"nın 6 qoluna gənclik şəhəri təmsilçisi 3 dəfə cavab verə bilib. "Sumqayıt" son 4 matçda qalib gələ bilməyib. Cari mövsüm baş tutan ilk iki oyunda "Bakı" 1:0 və 2:1 hesablı qələbələr qazanıb. Son matç isə 0:0 hesabı ilə başa çatıb.

Kurtar “Rəvan”ı qurtara biləcək?

Turun daha bir qarşılaşmasında isə AZAL “Rəvan”ı qəbul edəcək. Kubokda “Rəvan” nağılı bitib. İndi Güvənc Kurtarın qarşısında başqa bir missiya-komandanı sonucu pillədən çıxartmaq tapşırığı durur. Güman ki, AZAL-la oyunda “Rəvan” qələbəyə oynayacaq. Ancaq kubok oyununda heydən düşmüş futbolçularla qələbə qazanmaq mümkün olacaqmı? Komandalar çempionatda 12-ci dəfə qarşılaşacaqlar.

Paytaxt klublarının 12-ci dueli ərəfəsində “Rəvan” minimal üstünlüyə malikdi - 5 qələbə. AZAL 4 oyunda 3 xala sevinib, 2 matç sülhlə bitib. Top fərqində də qonaqların minimal üstünlüyü var - 17:16. Son 3 ev matçında qalib gələn AZAL öz meydanındakı bütün görüşlərdə həm qol vurub, həm də qapısında qol görüb. Cari mövsümdəki ilk oyun 0:0 hesabı ilə yekunlaşıb. Digər iki oyuna gəlincə, AZAL 2:1, "Rəvan" 1:0 hesablı qələbəyə sevinib.

Natiq

Azərbaycan Premyer Liqası

32-ci tur

27 aprel

Sumqayıt - Bakı

Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Kərim Ağayev.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16.00.

Qəbələ - Simurq

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Şahin Cəfərov.

Qəbələ şəhər stadionu. Saat 16.00.

AZAL - Rəvan

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

“AZAL Arena”. Saat 17.00.

Qarabağ - Neftçi

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

İnter - Xəzər Lənkəran

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.

AFFA nümayəndəsi: Oqtay Abdullayev.

Hakim-inspektor: Rövşən Əhmədov.

“Şəfa” stadionu. Saat 19.00.


Müəllif: