14 Aprel 2018 15:28
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının Bakıda təşkil edilməsi bizi çox sevindirir.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə ukraynalı gimnast Yevgeni Pravoslav deyib.

Ukraynalı gimnast təşkilatçılığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Mən birinci dəfədir ki, bu cür təşkilatçılıq görürəm. Həm Bakını, həm də yarışın təşkilatçılığını çox bəyəndim. Hər şey çox əladır".

O, bu yarışın onun üçün birinci belə böyük çempionat olduğunu diqqətə çatdırıb: “Mən eşitmişəm ki, çempionatlar həmişə Bakıda yüksək səviyyədə təşkil olunur”.

Y.Pravoslav öz çıxışından o qədər də razı qalmadığını bildirib: “Mən daha yaxşı çıxış gözləyirdim. İndi məlum oldu ki, öz üzərimdə daha çox işləməliyəm”.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.


Müəllif: Teleqraf.com