19 Aprel 2018 09:00
4 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu vaxta qədər jurnalistikanın idman bölümü üzrə ixtisaslaşma aparılmayıb. Yəni idmandan yazmaq istəyən tələbə bu sahədə heç bir nəzəri və praktik biliyə yiyələnmirdi. Yalnız işlədiyi dövrdə topladığı təcrübə sayəsində idman jurnalisti kimi fəaliyyət göstərməli olurdu.

Ancaq son tədris ilindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramı bir ilkdir. Bu təcrübə nəinki Azərbaycanda, hətta Qafqazda ilk addımdır.

Akademiyada “İdman jurnalistikası”dan əlavə ilk dəfə olaraq "İdman menecmenti” və "İdman tibbi və reabilitasiya” ixtisaslarının tədrisinə də start verilib. Magistr proqramı yeni olmasına baxmayaraq, qarşıya yetərincə ciddi məqsəd qoyub. Proqramı bitirən şəxslərin dünyanın istənilən ölkəsində işləmək imkanı var.

Amma çoxlarının idman jurnaslitikasının tədris olunduğundan xəbəri yoxdur. Biz də bu proqramın jurnalistikaya, idmana, ümumiyyətlə, təhsilə hansı yenilikləri verəcəyini öyrənmək üçün üz tutduq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına.

Onu da qeyd edək ki, Akademiyanın həyətində tədris üçün Multimedia Mərkəzi yaradılıb. Qapıdan içəri girəndə əlvan rənglərdən ibarət otaq və divardakı “qaçan idmançı” diqqəti bir neçə saniyəlik üzərində saxlamağa məcbur edir. Bu məqamda Proqramın meneceri Ellada Mustafayeva bizi qarşılayır. Bizə proqram haqqında məlumatı o verəcək.

Ellada xanım deyir ki, buradakı tələbə həyatı, tədris prosesi beynəlxalq standartlara uyğundur:

“Proqramın rəhbəri media sahəsində tanınmış beynəlxalq ekspert, Böyük Britaniyadan olan Dan Masondur. O, 30 ildən çoxdur, professional jurnalistika ilə məşğuldur və dünyanın 25 ölkəsində təlimlər keçib. Burda təhsil alanlara idman jurnalistikasının əsas özəllikləri, audio və video jurnalistika, media və PR, onlayn yazı bacarıqlarının artırılması tədris olunur.

Təkcə idman yox, həm də jurnalistika və onun ən üst səviyyəsi tədris edilir. İlk qəbulda 6 nəfər tələbə bu proqramda iştirak hüququ qazandı. Xüsusi olaraq qeyd edim ki, dərslər ingilis dilindədir. Tədrisin ingilis dilində olması buranı bitirən tələbələrin üçün böyük imkanlar yaradır. Onlar rahatlıqla dünyanın nüfuzlu idman yarışlarını, turnirlərini birbaşa izləyə və şərh edə biləcəklər.

Həmçinin xaricdə işləmək şansları da var. Tədris ingilis dilində olduğuna görə yerli kadrlarin axtarışında bir qədər çətinlik çəksək də, tələbələrimizə xarici müəllimlərlə yanaşı, yerli mütəxəssislər də dərs deyir”.

Söhbətə proqram rəhbəri Dan Mason qoşulur:

“Burada tək mən yox, elə tələbələr də daha həssas olmalı idi. Çünki bu proqramın bizdən əvvəl heç bir təcrübəsi yoxdur. Hər şeyi tam sıfırdan qurulub. İlk başlayanda fikirləşirdim ki, görəsən, apara biləcəyik? Amma indi tələbələrlə, proqram menecerimiz Ellada Mustafayeva ilə birgə bu işin öhdəsindən gəlirik.

Burada hər cür şərait yaradılıb. Media Mərkəzi texniki cəhətdən bütün növ avadanlıqlarla təchiz olunub. Adi işıqlandırmadan tutmuş, radio-televiziya qurğularına kimi”.

Bu məqamda proqram rəhbəri Don Mason əlavə edir ki, Böyük Britaniyanın Şefield Hallam universiteti ilə əməkdaşlıq haqqında saziş imzalanıb:

“Şefield Hallamın təcrübəsini tətbiq edirik. Mən çox ölkədə təlimlər keçmişəm. İndi də məqsədim təcrübəmi azərbaycanlı tələbələrlə bölüşməkdir. İnanıram ki, komanda şəkilində bunun öhdəsindən gələcəyik. Biz birlikdə daim inkişafda olan jurnalistikanın axınına düşüb, professionallaşacağıq.

Bu yaxınlarda Böyük Britaniyaya səfərdə olduq. Səfər əminəm ki, tələbələrə unudulmaz hislər bağışladı. Qalanı da özləri danışar”.

Tələbə Ceyhun Mustafayev bildirir ki, səfər haqqında yalnız gözəl təəssüratı var:

“15 günümüz çox məhsuldar keçdi. Çətinliyimiz olmadı. Çünki bizə sərbəstlik vermiş və öyrənməyimiz üçün hər şəraiti yaratmışdılar. İlk müsahibələri almağa, xəbərləri hazırlamağa yardımçı oldular. Dərslərdən əlavə şəhələri də gəzdik. 5 şəfərdə qonaq olduq. Londonun ən məşhur muzeylərini gördük. Mançestrdə “Milli futbol muzey”ində də olduq. Orada sıxılacağın qədər futbola aid eksponatlar var idi.

İngiltərədə mühəndisliyin ən başlıca mərkəzi Koventridə, oradakı Transport muzeyində də olduq. O muzeydə velosipedin yaranmağından tutmuş maşınların yaranmasına kimi hər cür eksponat var, hətta kraliçanın istifadə etdiyi maşınların kolleksiyalarını da gördük. Həmin muzeydə bir dəqiqə darıxmaq mümkün deyil”.

Ayşə Məmmədova Ceyhunun yadına salır ki, böyük dramaturq Uilyam Şekspirin ev müzeyində də olublar:

“Şeksprin otağını olduğu kimi götürüb, Birminghem kitabxanasına yerləşdiriblər. Bu, çox maraqlı idi”.

Ayşə xanıma “yəqin mağazalara da baş çəkmisiz” replikasını vermişdim ki, gileylənməyə başladı:

“Bəli, amma çox bahalı ölkədir. Bizim bir köynəyə verdiyimiz pulla orada heç nə almaq olmur”.

Tələbələrin dərs prosesi başladığı üçün tədris otağına keçirlər. Biz isə Ellada xanımla söhbətimizi davam etdirik.

Ellada xanım bildirir ki, Akademiyanın təşəbbüsü ilə yaradılan hər üç ixtisasın təhsil proqramına daxil edilməsində əsas məqsəd Azərbaycanda inkişaf edən idman sahəsində tələb olunan peşələr üzrə mütəxəssislərin və beynəlxalq idman əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasıdır. Proqrama qəbul Dövlət İmtahan Mərkəzinin qoyduğu tələblərə uyğun aparılır. Tələbələr birinci mərhələdə test, ikinci mərhələdə isə müsahibə mərhələsindən keçirlər:

“Proqramın ilkin tədris yükü iki il nəzərdə tutulmuşdu və çox ağır idi. Təhsil Nazirliyi ilə aparılan müvafiq müzakirələrdən sonra proqram çərçivəsində təhsil müddəti 1 il 6 ay müddətində qərarlaşdı.

İlkin olaraq təhsil haqqı 4500 manat idi, amma proqramın dayanıqlılığını təmin etmək, həmçinin, müriacət edən namizədlərin maddi vəziyyətini nəzərə alaraq illik ödəniş haqqı 2500 manata endirildi. Bu məbləğə jurnalistika sahəsində peşəkar magistr təhsili ilə yanaşı, Böyük Britaniyaya səfər və ingilis dili biliklərini daha da inkişaf etdirmək imkanı verilir. Bundan daha yaxşı nə ola bilər?

Burada tələbələr sərbəstdirlər. İndi növbəti tədris ili üçün hazırlaşırıq. Dövlət İmtahan Mərkəzinin magistr imtahanının I mərhələsindən minimum 50 bal toplayan namizədlər proqrama müraciət edə bilər. Müraciət üçün son tarix mayın 1-dir”.

Proqramla bağlı ətraflı məlumat və müraicət üçün bu keçiddən istifadə edə bilərsiniz. asapesmedia.atavist.com

Bu ilki qəbulda yerli namizədlər üçün 10 plan yeri ayrılıb. Artıq xarici ölkələrdən müraciət edənlər var. Türkiyədən, Nigeriyadan oxumaq üçün bu proqramı seçənlər olub. Məncə, öz tələbələrimiz də seçim edərkən bu cür şansı dəyərləndirməlidirlər”.


Müəllif: Şəfiqə Nazimqızı, Foto: Elnur Muxtar