22 Aprel 2018 22:00
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Topaz Premyer Liqasında ölkə çempionunun adı bəlli olub. Ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən “Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb.

Bununla da 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb.

Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.

Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.
\Report\


Müəllif: Teleqraf.com