25 Aprel 2018 00:59
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinal görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, İngiltərə "Liverpul"u İtaliyanın "Roma" komandasını qəbul edib. "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul" ilk 4 qolunu Məhəmməd Salahın birbaşa iştirakı ilə vurub. Misirli hücumçu fasiləyədək 2 dəfə fərqlənərək, keçmiş komandasını məyus edib. İkinci hissədə isə o, Sadio Mane və Roberto Firminoya məhsuldar ötürmə verib. Daha sonra Firmino da "dubl" müəllifi olub.

Lakin Salahın 75-ci dəqiqədə əvəzlənməsindən sonra "Roma" fəallaşıb. Bunun nəticəsində italiyalılar 2 qol vuraraq, fərqi azaldıblar. Əvvəlcə Edin Ceko, daha sonra penaltidən Dieqo Perotti fərqlənib.

Mayın 2-də keçiriləcək cavab görüşündə "Roma" finala adlamaq üçün, əvvəlki mərhələdəki kimi, ən azı 3 cavabsız qolla qalib gəlməlidir. Bunadək "sarı-qırmızılar" İspaniya "Barselona"sına da səfərdə 1:4 hesabı ilə uduzduqları halda, evdə böyük hesablı qələbəyə nail olmuşdular.

Çempionlar Liqası

1/2 final, ilk oyun

24 aprel

22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya) - 5:2

Qollar: Mohamed Salah, 36; 45+1. Sadio Mane, 56. Roberto Firmino, 61; 69 - Edin Ceko, 81. Dieqo Perotti, 85-penalti ilə

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, "Enfild" stadionu

Qeyd edək ki, digər yarımfinal görüşü bu gün Almaniyada "Bavariya" ilə İspaniya "Real Madrid"i arasında keçiriləcək.


Müəllif: Teleqraf.com