28 Aprel 2014 17:48
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri davam edir.

Teleqraf.com xəbər verir ki, “Shamkir Chess 2014” turnirinin rəsmi saytında Azərbaycan dilində partiyaları şərh edən Vüqar Həşimovun məşqçisi olmuş Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev turnirdəki vəziyyətlə bağlı danışıb:

“Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” Azərbaycan şahmatına böyük töhvə oldu. Yüksək səviyyədə keçirilən yarışın ənənəvi hal alması hər birimizin arzusudur. Güclü şahmatçıların iştirakıyla belə mötəbər yarış təşkil etdikləri üçün “Synergy Group”a təşəkkür etmək istərdim. Bu yarış yeni Vüqarların parlaması üçün gözəl şəraitdir. Eyni zamanda gəncləri şahmatla məşğul olmağa daha da həvəsləndirəcək.

Turnirə gəlincə “A” qrupunda gərgin mübarizə davam edir. Maqnus Karlsen 4,5 xalla liderdir. İkinci yerdə gözəl oyun nümayiş etdirən Teymur Rəcəbovdur. Onun 4 xalı var. Son turnirlərdə Teymur o qədər inamlı görünməsə də, “Shamkir Chess 2014” yarışında yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğunu sübut edir. Doğma Azərbaycanımızda keçirilən yarışda tam başqa Teymur görürük. Fikrimcə ilk yer uğrunda mübarizə Maqnusla Teymur arasında gedəcək. Son turda Rəcəbov ağ fiqurlarla Karlsenə qarşı oynayacaq. Ola bilər ki, məhz son turda hər şey həll olunsun. Bu mənada bizi qarşıda maraqlı mübarizə gözləyir. Digər şahmatçıların qələbə şansı qalır. Şəhriyarın uğursuzluğunu iddiaçılar turniriylə əlaqələndirərdim. Vladimir Kramnik kimi şahmatçı iddiaçıların turnirindən sonra 2 ay istirahət edir. Şəhriyar isə dincəlmədən “Shamkir Chess 2014” turnirində mübarizəyə başladı. Ona görə yorğunluq istədiyi oyunu göstərməyə mane olur. “B” qrupunda da yüksək səviyyəli şahmatçılar toplaşıb. Etyen Bakro və Van Xao kimi şahmatçılar hətta “A” qrupunda yarışmağa layiqdir. Burada çıxışını qənaətbəxş saydığım iki şahmatçımızın adını çəkə bilərəm. Qədir Hüseynov 7 oyundan 4 xal toplayıb. Onun mükafatçılar sırasına düşmək şansı çoxdur. Hətta qalib də gələ bilər. Turnirin ən gənc iştirakçısı Nicat Abbasov haqda da xoş sözlər deməliyəm. Əmsalına görə sonuncu olan Nicatın 3 xalı var. Liderlərə qarşı inamlı təsir bağışlayan Nicatın perfomansı onun gələcəkdə Azərbaycanın güclü şahmatçılarından birinə çevriləcəyinə inam yaradır”.


Müəllif: