30 Aprel 2014 11:04
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.

Teleqraf.com xəbər verir ki, 9-cu turda Şəhriyar Məmmədyarov Karuanaya uduzub. Teymur Rəcəbov isə Karlsenlə sülhə razılaşıb. Sergey Karyakinlə Hikaru Nakamura da xalı yarı bölüblər.

9-cu tur

Fabiano Karuana (İtaliya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

Turnir cədvəli: Karlsen, Karuana - 5,5, Karyakin, Rəcəbov, Nakamura - 4,5, Məmmədyarov - 2,5.

“Nə qazanmışamsa, risklə qazanmışam”

“Shamkir Chess 2014” turnirinin 9-cu turunda Fabiano Karuanaya uduzan Şəhriyar Məmmədyarov mətbuat konfransında suallara cavab verib: “Debütdə heç bir problem yox idi. Bərabər səviyyəli oyun gedirdi. Seytnot vaxtı gözləmədiyim gedişlər gördüm. Aqressiv və riskli oynamasaydım nəticə fərqli olardı. Sakit oynamaq olardı. Karyeramda heç vaxt belə nəticəm olmayıb. Heç bir turnirdə sonuncu olmamışdım. Bu indi baş verir. Fikrimcə oyun baxımından hər şey normaldı. Sadəcə nəticə yoxdur. Səhvlərimi görürəm. Bilirsiniz, xarakteri dəyişmək çətindir. Oyun da elədir. 1 və ya 2 il deyil. Uzun illərdir belə oynayıram. Başqa oyun üslubu mənim üçün darıxdırıcıdır. Həyatda və şahmatda nə qazanmışamsa, risklə qazanmışam. Fikrimcə belə şahmat daha maraqlıdır. Sadə oyun mənlik deyil. Ona görə dəyişiklik barədə danışmaq çətindir”.

“Bəxtə borcluyam”

Turnirdə qalib gəlmək şansını saxlayan İtaliya təmsilçisi Fabiano Karuana isə hər şeyin son turda həll olunacağını deyib: “Dünənki oyunda bəxtim gətirdi. Rəcəbov üzərində qələbəyə görə bəxtə borcluyam. Çünki, vəziyyət xeyrimə deyildi. Bu gün tam fərqli oynadım. Mürəkkəb oyun alındı. Diqqətdən qaçırdığımız gedişlər oldu. Ona görə çətin qələbə oldu. Şəmkirdə kimin qalib gələcəyini son tur göstərəcək”.

“İdeyalarımı tətbiq etmək mümkün olmadı”

“Shamkir Chess” 2014 turnirinin 9-cu turunda heç-heçə oynayan Sergey Karyakinlə Hikaru Nakamura jurnalistlərin suallarına cavab verib. Sergey Karyakin ardıcıl 9-cu heç-heçəni belə izah edib: “Debütdən gözdən qaçırdığım gedişlər oldu. İstədiyim mövqeni görmədim. Əmin olmadığım gedişləri etmək istəmədim. İddiaçılar turnirinə hazırlığı bu yarışda göstərməyə çalışdım. Aronyana hazırladığım taktikadan Nakamuraya qarşı istifadə etməyə səy göstərdim. İdeyalarımı tətbiq etmək mümkün olmadı. Mənə heç-heçələr şahı deməyə tələsməyin. Qarşıda son tur var.

Hər şey ola bilər. Əgər “Shamkir Chess 2015” keçirilsə, böyük məmnuniyyətlə orada iştirak edərəm”.

“Rəqib daha yaxşı oynadı”

Hikaru Nakamura isə debütdən üstünlük qazandığını dedi: “Debütdən üstünlük qazandım, amma istifadə edə bilmədim. Üstünlüyü genişləndirmək imkanım olmadı. Rəqib daha yaxşı oynadı.Bir neçə söz Vüqar Həşimov haqda demək istəyirəm. Vüqar mehriban və həyatsevər insan idi. Hətta uduzanda belə gülürdü. Onun adına belə yüksək yarışın keçirilməsi alqışlanmalıdır. Əgər gələn il yenidən bu turnirdən dəvət alsam böyük məmnuniyyətlə iştiraka razılıq verəcəm”.


Müəllif: