14 Aprel 2014 18:39
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın Avropa klubları arasında ən az qol buraxan klub olması tək mənim uğurum deyil. Bu göstəricini bütün komandanın adına yazmaq lazımdı".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib.

"Rəvan"la oyunda bosniyalı qapıçının 525 dəqiqəlik quru seriyası qırılıb. Çempionatda ən uzun seriyası isə Ağdam klubunun digər qapıçısı Fərhad Vəliyevə aiddi - 554 dəqiqə. "Qarabağ" 30 oyunda buraxdığı 15 qolla orta hesabla Avropada ən az qol buraxan komandadı.

Klubun rəsmi saytına danışan Şehiç bu uğurlarda bütün komandanın əməyinin olduğunu bildirib: "Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik. Nəticədə bu uğuru əldə etmişik. Bu sadəcə mənim və ya müdafiəçilərin deyil, bütün komandanın əməyidi. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədi. Qızıl medalları qazansaq, o zaman əlavə göstəricilərdən danışmaq olar".

Qolkiper Bosniya və Hersoqovina millisi ilə bağlı da danışıb: "Ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən, millinin qapıları üzünə açıqdı.

Zənnimcə, "Qarabağ"ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi. Millinin formasını daşımaq şərəfdi. Dünya çempionatına kimi hələ var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam".


Müəllif: