9 May 2014 22:01
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün üçüncü mərhələsi keçirilib.

Məlumata görə, bu gün “Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün üçüncü mərhələsi keçirilib. Bu mərhələdə idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 km məsafə qət etmişlər.

Finiş xəttinə hamıdan əvvəl Cənubi Afrika Respublikasının nümayəndəsi, “Qxubeka” komandasının üzvü Yusef Reqiqi çatıb. İkinci yeri sloveniyalı Matey Muqerli (“Adria Mobil” komandası, Sloveniya), üçüncü yeri İsveçin “Şimano” komandasının danimarkalı təmsilçisi Kristian Yensen tutub.

Veloyürüşün bu mərhələsinin qaliblərinə və mükafatçılarına prizləri turun Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan veloyürüşçüsü Aleksandr Averin təqdim edib.

Üç mərhələdən sonra avstraliyalı Uilyam Klark (“Drapac Professional Cycling” komandası) yenə də veloyürüşün lideri və göy maykanın sahibidir.

Sloveniyalı Matey Maqerli (“Adria Mobil” komandası) iki mərhələnin yekunlarına əsasən sprintdə ən yaxşı nəticə göstərib. Primoz Roqliç “Dağ kralı” və qırmızı maykanın sahibidir. İsveçin “Giant-Şimano” komandasını təmsil edən isveçli Fredrik Lyudviqson isə gənclər arasında ən yaxşı nəticə göstərərək, bənövşəyi lider maykasına sahib olub.

Əvvəlki mərhələdə olduğu kimi, bu gün də idmançıların marşrutu boyunca yerləşən yaşayış məntəqələrinin sakinləri veloyürüşçüləri alqışlamışlar.

“Tour d`Azerbaidjan-2014” veloyürüşündə birincilik uğrunda dünyanın 22 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır. Onlardan 8-i – “MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” Polşa komandaları pro-kontinental lisenziya almışlar. Turnirdə Azərbaycanı “Synergy Baku Cycling Project” komandası təmsil edir.

Hazırda dünyada pro-kontinental lisenziyalı cəmi 17 komanda var. Onlardan 8-i “Tour d`Azerbaidjan-2014” veloyürüşündə iştirak edir.

Xatırladaq ki, turun birinci mərhələsində Niderland nümayəndəsi Kenni Van Hummel qalib gəlmişdir. Vitali Buts (Ukrayna) ikinci, David Viqano (İtaliya) üçüncü yeri tutub.

İkinci turda finiş xəttini birinci keçən Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç olub. Avstraliyalı Uilyam Klark (“Drapac Professional Cycling”) ikinci, italiyalı Rafael Andreato (“Neri Sottoli”) üçüncü nəticə göstərib.

Mayın 10-da “Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün dördüncü turu keçiriləcək. Bu mərhələdə idmançılar Qəbələ-Şamaxı-Pirqulu marşrutu ilə 115 km məsafə qət etməlidirlər.


Müəllif: