18 Fevral 2015 02:23
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Lvovda Ukrayna “Şaxtyor”u Almaniyanın ən titullu klubu “Bavariya”nı qəbul edib. Fevralın 24-də Türkiyənin Antalya şəhərində Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Donetsk təmsilçisi münhenlilərlə çətin matçda azarkeşlərini sevindirmək niyyətində idi. İki klub arasında ilk avrokubok görüşündə qalib müəyyənləşməyib. 90 dəqiqə ərzində tərəflərin ciddi cəhtlərinə baxmayaraq, taplodakı sıfırlar dəyişməyib - 0:0.

Günün digər oyunu Parisdə reallaşıb. Fransa PSJ-si İngiltərə təmsilçisi “Çelsi” ilə görüşüb. Ötən mövsüm rəqibini səfər qolu ilə mübarizədən kənarlaşdıran (1:3, 2:0) londonlular uğurunu təkrarlamaq iddiasında idi. Fransalılar isə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Bu matçda isə qapılara 2 top vurulub. Lakin qalib bəlli olmayıb. 36-cı dəqiqədə Branislav İvanoviçin yeganə qolu ilə fasiləyə üstün yollanan “zadəganlar” ikinci yarıda üstünlüyünü qoruya bilməyib. 54-cü dəqiqədə Edinson Kavaninin vurduğu top parisliləri məğlubiyyətdən xilas edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar

17 fevral

PSJ (Fransa) - “Çelsi” (İngiltərə) - 1:1

Qollar: Kavani, 54 - İvanoviç, 36

“Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya) - 0:0


Müəllif: