20 Fevral 2015 20:37

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib.

Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamız rəqiblərindən üstün olub. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.


Müəllif: