23 Fevral 2015 17:29

Bakı cüdo üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Avropa Olimpiya Komitələri (AOK), Avropa Cüdo Birliyi (ACB) və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bu il 12-28 iyun tarixlərdə Azərbaycanın paytaxtında baş tutacaq ilk Avropa Oyunları çərçivəsində 25-28 iyun tarixlərdə Bakıda 2015-ci il cüdo üzrə Avropa çempionatının da keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, ilkin olaraq 2015-ci il cüdo üzrə Avropa çempionatının 9-12 aprel tarixlərdə İngiltərənin Qlazqo şəhərində keçirilməsi planlaşdırılmışdı. Lakin Britaniya Cüdo Assosiasiyası ilə müəyyən problemlərin həll olunmamasının nəticəsi olaraq, ACB-nin İcraedici Komitəsi Bakı şəhərinin Avropa Oyunlarına ev sahibliyi etməsi çərçivəsində 2015-ci il cüdo üzrə Avropa çempionatının da keçirilməsi üçün ən müvafiq şəhər olduğunu bildirib.

Bu qərarın nəticəsi olaraq qitənin ən yaxşı cüdoçuları Bakı 2015 Avropa Oyunlarının çempionu adını qazanmaq uğrunda mübarizə şansını əldə edəcəklər.

Əlavə olaraq bildirək ki, Bakı 2015-in proqramında nəzərdə tutulan 16 Olimpiya idman növündən 12-si Rio 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verir. Bakı 2015-in proqramına cəmi 20 idman növü daxil edilib ki, onlardan 16-sı Olimpiya idman növü üzrədir.

AOK-un prezidenti Patrik Hikki bildirib: “2015-ci il cüdo üzrə Avropa çempionatının Bakıda keçirilməsi Avropa Oyunlarına hazırlıqların son mərhələsinə başladığımız bir zamanda möhtəşəm xəbərdir. AOK daima Avropa çempionatının Avropa Oyunlarının bir hissəsi olması barədə düşünüb və bu razılığın əldə olunması bizim məqsədimizin gözlədiyimizdən də tez gerçəkləşdiyinin göstəricisi oldu. Mən digər idman növlərinin də gələcəkdə keçiriləcək Avropa Oyunlarında bu səpkili razılaşmaların əldə edilməsini ənənəyə çevirəcəklərinə və tədbirin Olimpiya Oyunları üçün kvalifikasiyanı təmin edən əsas yarışlardan biri olacağına əminəm. Mən Avropanın ən yaxşı cüdoçuları ilə bərabər, dünyanın hər bir yerindən çempionata təşrif buyuracaq cüdo azarkeşlərini də Bakıda salamlayacağımıza ümid edirəm. Möhtəşəm idman tədbiri möhtəşəm idmanla başlayır və bu cür də sona çatır. Avropa cüdo çempionatının Bakı 2015 Avropa Oyunlarına daxil edilməsi yarışların yüksək səviyyədə nümayiş olunacağına təminat verir”.

ACB-nin prezidenti Serqey Soloveyçik deyib: “Biz Avropa cüdo çempionatı kimi önəmli bir yarışın bu il Bakıda keçirilməsindən məmnunluq hissi duyuruq. Tədbirin ev sahibliyinin Qlazqoya verilməsi ləğv edildikdən sonra məqsədimiz mümkün qədər tez bir zamanda yeni şəhərin tapılması idi. İyun ayında ilk Avropa oyunlarına ev sahibliyi edəcək Bakı şəhəri dünya səviyyəli idmançıların yüksək səviyyədə çıxış etmələrini təmin edəcək, professional standartlara cavab verən cüdo arenasına və yardımçı vasitələrə malikdir. Avropalı idmançılar üçün ən yaxşı seçim etməyimizdən və gerçəkləşəcək çempionat üçün ən münasib şəraitin burada olacağından əminəm. Qeyd edək ki, artıq Qlazqo şəhərinin “Emirates” arenasına bilet alan cüdo azarkeşləri Bakıdakı cüdo arenasına pulsuz bilet əldə etmək imkanı qazanacaqlar”.

Eyni zamanda, S.Soloveyçik AOK-un prezidenti P.Hikkiyə və BCF-nin prezidenti Marius Vizerə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib: “Onlar cüdoçu olaraq ACB ilə həmrəyliklərini və cüdo ruhuna sadiq olduqlarını nümayiş etdirdilər. Avropanın ən yaxşı cüdoçularının Bakı 2015-də iştirak edəcəyinə və Azərbaycanda yüksək səviyyədə qarşılanacaqlarına əminəm. Yarışlar zamanı onların cüdo azarkeşləri tərəfindən ən yaxşı dəstək görəcəklərinə isə şübhəm yoxdur”.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunlarının baş icraçı direktoru Azad Rəhimov bildirib: "Biz 2015-ci il cüdo üzrə Avropa çempionatının Bakıda keçirilməsi təklifinə və bu yarışın Avropa Oyunlarına daxil edilməsi xəbərinə sevinir və bu şansı əldə etdiyimiz üçün çox məmnun olduğumuzu bilidirirk. Bu qərarın əsas önəmi Avropa Oyunlarının 16 Olimpiya idman növündən 12-si üzrə Rio 2016 Olimpiya Oyunlarına birbaşa və bilavasitə kvalifikasiya imkanlarını təqdim etməsi və nəticədə Avropa Oyunlarının daha da mötəbər tədbirə çevrilməsinə imkan yaratmasıdır".

Qeyd edək ki, Bakı 2015-in cüdo yarışları 25-28 iyun tarixlərdə yeni təmir olunmuş və 7800 tamaşaçı tutumuna malik Heydər Əliyev Arenasında baş tutacaq.


Müəllif: