21 May 2014 17:11
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayından bəri problemlər içində boğulan “Neftçi” ilə bağlı müəmmalı xəbərlər yayılır.

Publika.az-ın AFFA-da çalışan vəzifəli şəxsdən aldığı məlumata görə, SOCAR “Neftçi”yə maliyyə yardımını dayandırıb. Təxminən 4 aya yaxındır ki, şirkətdən kluba pul köçürmələri edilmir. Buna görə də, “Neftçi”də məvaciblər də verilmir. Klubun reklam əməkdaşlığı etdiyi mətbuat orqanlarına da xeyli borcu var. Maliyyə yardımının dayandırılmasının isə bir neçə səbəbi var. Deyilənlərə görə, SOCAR “Neftçi”də apardığı araşdırmalardan sonra 6 milyon manat yeyinti üzə çıxardıb. Bu yeyinti “cari xərclər” kimi göstərilib. Klub rəhbərliyindən “cari xərclər”in nə olduğu soruşulanda ortaya tutarlı faktlar qoya bilməyiblər. Bundan sonra şirkət rəhbərliyi komandaya pul ayrılmasını dayandırıb. Məlumata görə, mayın 22-də ölkə kubokunun finalından sonra “Neftçi”də ciddi yoxlamalara başlanılacaq. Hətta klub prezidenti Sadıq Sadıqovun və komandasının tam tərkibdə istefaya göndəriləcəyi də bildirilir.

Məsələyə “Neftçi” rəhbərliyinin də mövqeyini öyrəndik. Komandanın mətbuat xidmətinin rəhəbəri Gündüz Abbaszadə yayılan məlumatı əsassız adlandırdı:

“Klubda heç bir yoxlama aparılmayıb. “Neftçi”də maliyyə məsələləri tam şəffafdı. Hətta istənilən mətbuat orqanına da maliyyə hesabatımızı açıqlaya bilərik. Digər klubların bostanına daş atmaq istəmirəm, ancaq inanmıram ki, maliyyə məsələsinə görə Azərbaycanda “Neftçi”dən şəffaf komanda olsun. Bu xəbəri dövriyyəyə buraxanların nə məqsəd güddüyünü bilmirəm. Bəlkə də, kubokun finalı öncəsi bizə qarşı təxribat etməyi düşünürlər. Bir daha deyirəm, “Neftçi”də yoxlama olmayıb, bundan sonra da klubda yoxlama olacağı gözlənilmir”.


Müəllif: