17 Aprel 2014 16:25

Kikboksinq üzrə iki dəfə dünya, bir dəfə Avropa çempionu olmuş Elçin Hüseynov mayın 30-dan iyunun 6-na kimi İtaliyada keçiriləcək növbəti dünya çempionatına getmək üçün sponsor tapa bilmir. O mətbuata açıqlamasında məşqlərindən qalmasa da, yarışa qatılmasının sual altında olduğunu bildirib. Çünki yeni sponsor axtarır.

Məsələ ilə bağlı dünyanın ən titullu idmançılarından olan – kikboksinq üzrə 17 qat dünya çempionu Eduard Məmmədovun fikirlərini öyrənməyə çalışdıq.

“Maraqlıdır kikboksinq üzrə ikiqat dünya çempionluğunu yaşamış biri nəyə görə sponsor tapa bilməsin? Dünya çempionatında 17 dəfə Azərbaycanın bayrağını qaldıran Eduard Məmmədov o idmançıya nə məsləhət görərdi?” – bu sualları “ağ canavar” ləqəbli idmançımıza ünvanladıq.

Teleqraf.com-a danışan Eduard Məmmədov məsələyə belə münasibət bildirdi:

“1995-ci ildə Kikboksinq Federasiyası yaranıb. Bu müddət ərzindı mən heç bir Dünya və Avropa çempionatı buraxmamışam.

Amma o dediyiniz şəxsin bu günə kimi kikboksinq üzrə heç Azərbaycan çempionluğunda belə adı olmayıb. İndi mən hansısa federasiya haqqında mənfi danışmaq istəmirəm. Ola bilər o başqa federasiyadan gedib çempion olub. Yenə də vurğulayıram, o insan bu günə kimi kikboksinq üzrə heç Azərbaycan çempionluğunu belə qazanmayıb.

Mən ona bir məsləhət görürəm ki, ilk növbədə Azərbaycan çempionu ol. Azərbaycan çempionu olduqdan sonra səni bütün yarışlara Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyası pulsuz aparacaq. Özünə heç vaxt sponsor axtarma. Bir idmançı özünə sponsor axtarırsa, deməli, bu adam çempionluğa layiq deyil ki, onu aparmırlar”.

Qeyd edək ki, 17 qat dünya çempionu Eduard Məmmədov aprelin 27-də Bakıda keçiriləcək “FIGHT VISION3” adlı kikboksinq yarışında hollandiyalı Ruben Narain ilə dünya kəməri uğurunda döyüşəcək.

Aygün İlqarqızı


Müəllif: