17 Aprel 2014 17:00

İstanbulda keçirilən “Glory15 İstanbul” kikboksinq yarışında qəribə olay yaşanıb.

Teleqraf.com xəbər verir ki, yarışın final matçında məşhur türk idmançı Gökhan Saki ilə dünya birincisi Tayron Sponq qarşı-qarşıya gəlib.

Görüşün elə ilk raundunda Tayron Sponqun təpiklə vurduğu zərbənin qarşısını ayağını qaldıraraq alıb. Bu zaman Gökhan rəqibinin ayağını qırılmasına səbəb olub və hakim döyüşü dayandırıb.

Gökhan Saki rəqibinin ayağı qırıldığı üçün çox da sevinməyib. Matçı dayandıran hakimin yanından ötərək rəqibinin başını qucaqlayaraq ona təsəlli verib.

Qeyd edək ki, döyüşün çempionu olan Gökhan Saki həm qızıl kəmərin, həm də 200 min dollarlıq mükafatın sahibi olub.

Rinqdən düşdükdən sonra Gökhan Sakini "Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder və həyat yoldaşı Yolante Kabau da təbrik edənlər arasında olub.

Onu da bildirək ki, məşhur “k1” ulduzu azərbaycanlı idmançı Zabit Səmədov da Gökhan Sakinin döyüşünü izləyənlər arasında olub. Onun döyüşündən qısa bir video çəkərək öz “instagram” səhifəsində yerləşdirib və idmançını təbrik edib:

“Qardaşım, təbriklər. “Glory 15”in çempionu, təbriklər!”

Aygün İlqarqızı


Müəllif: