6 İyul 2015 11:39

Güləşçilərimiz Dağıstanda keçirilən turnirdə 1 qızıl və 1 bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.

Qızıl medalı yığmamıza 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov qazandırıb. Bütün rəqiblərindən üstün olan Coşqun həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib və turnirin qızıl medalına sahib olub.

Bürünc medalı isə yığmamıza Ağahüseyn Mustafayev (61 kq) qazandırıb. Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisi Rüstəm Abdurəşidovdan üstün olub və fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Ruslan Qasımov (57 kq), Məhəmmədhacı Muxutov (74 kq) və Qalib Əliyev (61 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.


Müəllif:
Загрузка...