25 İyul 2015 16:36
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" yaxşı komandadır. Onlar ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Tvente"ni mübarizədən kənarlaşdıraraq qrup mərhələsində uğurla çıxış ediblər. Belə komanda ilə oyunda qələbə qazanmaq üçün yaxşı formada olmalıyıq".

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyuna haqda danışan norveçli mütəxəssis ilk görüşün önəmli olduğunu qeyd edib:

"Bizə çətin rəqib düşdü. Lakin artıq bu haqda yox, onlara qarşı necə oynayacağımız barədə düşünməliyik. Hazırda yaxşı formada olduğumuzu bilirik. Doğma meydanda keçirəcəyimiz ilk görüşdə rəqibdən üstün olmalıyıq. Bu səbəbdən ilk oyun bizim üçün önəmlidir".

Azərbaycanla Şotlandiya arasında məsafənin uzun olmasına da toxunan Deyla deyib: "Şotlandiyaya uzun səfər etmək "Qarabağ" üçün bir qədər çətin olacaq. Lakin eyni məsafəni cavab görüşü üçün biz də qət edəcəyik. Bakıya daha tez uyğunlaşmaq üçün oyundan bir gün əvvəl səfərə çıxacağıq. Düşünürəm ki, həmin oyuna yaxşı hazırlaşa biləcəyik. Hər kəs anlayır ki, turnirdə daha çox irəlilədikcə, güclü komandalarla qarşılaşacağıq. Həm mən, həm də futbolçularım bu oyunu səbirsizliklə gözləyirik. Bu oyuna yaxşı köklənməliyik. Xüsusən də taktiki planda. Həmçinin komandada yaxşı intizam olmalıdır. Səbirli oynamaq da önəmlidir. Növbəti həftə "Qarabağ"la oyuna hazır olacağıq".

Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.


Müəllif: