27 İyul 2015 08:04
241

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyununun hazırlıqlarına start verib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Serbiyanın “Çukariçki” klubu ilə II təsnifat mərhələsinin Bakıdakı cavab qarşılaşmasının (2:0) ardından iki gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.

Ötən gün baş tutan axşam məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Roman Qriqorçukun komandası isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqində bütün futbolçular iştirak edib.

“Qəbələ” iyulun 30-da Kiprin Larnaka şəhərində keçiriləcək qarşılaşmanın hazırlığını Bakda davam etdirəcək. Komanda bu axşam məşqini də Bakıxanov qəsəbə stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, “Apollon” - “Qəbələ” oyunu iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Müəllif: