31 İyul 2015 16:42
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” klubunun meneceri Səməd Nəsibov Qol.Az saytına müsahibəsində Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la ilk oyunundan və matçın sonuna yaxın baş verən qalmaqaldan danışıb.

- Komandamız səfər matçında əla oynadı. Düzdür, bu, mənim birbaşa işim deyil, ancaq görüş haqda öz fikirlərimi deyirəm. Statitistikaya baxanda bütün göstəricililərdə rəqibdən üstün olduğumuz görünür. Matçın sonunda baş verənlərə gəldikdə isə bütün oyun boyu rəqib azarkeşləri bizi təhqir etdi. Artıq ikinci hissədə fiziki təzyiq də göstərməyə başladılar. Bayrağımızı yandırmağa cəhd etdilər. Müdaxiləmizdən sonra bayrağı yığışdırdılar. Ancaq sonradan bayrağı cırılmış şəkildə tribunadan asdılar. Çox ağır bir vəziyyət idi. Hətta fotoqrafımızın üstünə tüpürürdülər.

- Cavid Hüseynovun penalti zərbəsindən sonra rəqib azarkeşlərinə ünvanladığı jestinə klubun münasibəti necədir?

- Bizim jurnalistlər Cavidin bu jesti haqda Kipr mətbuatı kimi yazmamalıdır. Futbolçularımız 90 dəqiqə ərzində təzyiq altında oynadılar. Belə bir atmosferdə, matçın sonunda penalti vurmağı üzərinə götürmək böyük məsuliyyət tələb edir. Cavid bir kapitan kimi bu işi üzərinə götürdü və komandası üçün vacib qolu vurdu. Məncə, bunu qabartmaq daha düzgün olar. Düzdür, Cavid o cür jest etməməliydi, ancaq o, bu hərəkəti ilə mənim gözümdə daha da ucaldı. Deməli, məğlub olmağı sevmir. Öz adımnan danışıram. Klub rəhbərliyinin münasibətini deyə bilmərəm.

- Cavidin bu jesti bayrağımızın təhqir olunmasına cavab idi?

- Həm bayrağımızın, həm də komandamızın təhqir olunmasına cavab idi. Cavidi də başa düşmək lazımdır. Kiprdə o atmosferi görməyən insan futbolçunu başa düşməz. Axı mübarizəni biz yox, futbolçular aparır. Onlar daha gərgin vəziyyətdə olur.

- Yəqin ki, Cavid UEFA-nın Nizam İntizam Komitəsi tərəfindən cəzalandırılacaq.

- Bunlar futbolda olan şeylərdir. Futbolçu 5-10 oyunluq da cəzalana bilər. Düzdür, Cavidin yoxluğu bizim üçün böyük itki olar. O, “Qəbələ”nin lideri, kapitanıdır. Amma Cavid cəzalansa belə, biz cavab matçına 11 nəfərlə çıxacağıq.

- Kiprdə baş verənlərə “Qəbələ”nin hər hansı bir etirazı oldumu?

- Biz birbaşa etirazımızı etdik. UEFA nümayəndəsinə bütün dəlilləri verdik. Bayrağımızın təhqir olunması ilə bağlı əlimizdə şəkillər və videolar var. Lazım olan yerə təqdim olunacaq.

- Matçın sonuna yaxın hakim futbolçuları paltardəyişmə otağına göndərdi. Həmin vaxt dəhlizdə nələr baş verdi?

- Orda biq qədər gərginlik artdı. Qarşıdurma dəhlizdə daha da şiddətləndi. Futbolçular və köməkçi məşqçilər bir-birini itələdi. Ancaq heç kim xəsarət almadı. Doxsan dəqiqə zərərçəkən biz olduq. Təhqirlərə və fiziki təzyiqə məruz qaldıq. Bu qədər təzyiqin altında bizim bərabərlik qolunu vurmağımız kiprli azarkeşlərin aqressiyasını artırdı.

- Cavab matçında “Qəbələ” fan-klublarının kiprli azarkeşlərə cavabı olacaq, yoxsa bu kimi halların qarşısı alınacaq?

- Biz heç bir klubun, ölkənin bayrağının təhqir olunmağının tərəfdarı deyilik. Çünki idman düşmən yox, rəqib olmaq deməkdir. Heç kimin milli qüruru ilə oynamaq fikrimiz yoxdur. Gördüyünüz kimi, “Dinamo” ilə cavab oyunda da bizim fan-klublarımızdan heç biri sərt reaksiya göstərmədi. Bayraq yandırmaq bizlik deyil.


Müəllif: