21 Aprel 2014 10:17
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” turnirində ilk turun oyunları baş tutub.

Teleqraf.com xəbər verir ki, dünya çempionu Maqnus Karlsen Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarova qalib gəlib. Hikaru Nakamura (ABŞ) – Fabiano Karuana (İtaliya), Sergey Karyakin (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) görüşləri sülhlə bitib.

Şəhriyar Məmmədyarov “Shamkir Chess 2014” turnirinin ilk turundan sonra baş tutan mətbuat konfransında məğlubiyyətinin səbəbi barədə danışıb: "Debüt ev tapşırığı idi. Sadəcə bəzi məqamları yaddan çıxartdım. Belə vəziyyəti izləmişdim. Qara fiqurlarda problem olmalı deyildi. Amma dünyanın 1 nömrəli şahmatçısı səhvsiz oynadı və nəticəni gördük. Müdafiə sona yaxın sadəcə mümkün deyildi. Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim. Startda Maqnusa qarşı oynamaq çətindi. Orta turlarda olsaydı yaxşı olardı. Karyeramda iki dəfə Karlsenə uduzmuşam. Hər ikisi ilk turda olub. 2008-ci il Veyk-An-Zee turnirində və indi Şəmkirdə. İkinci dövrədə yenidən görüşəcəyik. Ona tam fərqli oyun olar".

Məmmədyarov ötən gecə nərd oynadığını da etiraf etdi: “Təşkilatçılıq yüksək səviyyədə olduğu üçün şahmatçıların boş vaxtı çox olur. Ona görə nərd oynamışdım. Hər halda nərd bu günkü partiyadan daha yaxşı alındı”.

Dünya çempionu Maqnus Karlsen partiyadan sonra keçirilən mətbuat konfransında “Shamkir Chess 2014” turnirinin 1-ci turunda Şəhriyar Məmmədyarov üzərində qələbədən danışıb: "Ağ fiqurlarla oynayırdım və demək olar ki, taktika seçimim düzgün oldu. Son 3 klassik turnirin ilk turunda qələbə qazanmışam. Bu dəfə də belə oldu. Heç bir problem olmadı. Rahat qələbə qazandım. Şəmkirə maraqlı partiyalar üçün gəlmişəm. Əlbəttə nəticə vacibdir. İstərdim hər turda uğurlu çıxış edim".


Müəllif: