13 İyun 2014 17:17

17-22 iyun 2014-cü il tarixdə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.

Olimpiya Güləş Mərkəzində son hazırlıq məşqlərini keçirən yığma komandaların Avropa çempionatına yollanacaq heyəti açıqlanıb. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov çempionata yollanacaq güləşçiləri elan edib və komandalara uğurlar arzulayıb.

Çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Arif Abdullayev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Polşaya Fərid İsmayılov (50 kq), Ruslan Qasımov (55 kq), Vurğun Əliyev (60 kq), Murad Süleymanov (66 kq), Hacımurad Ömərov (74 kq), Nurməhəmməd Hacıyev (84 kq), Səid Həmidov (96 kq) və Oyan Nəzəriani (120 kq) yollanacaq.

İyunun 19-20-də çempionatda gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında çempionatda 7 güləşçimiz iştirak edəcək. Çempionatda ölkəmizi Türkan Nəsirova (46 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Raqnetta Qurbanzadə (63 kq), Elmira Qəmbərova (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Akif Əliyevin rəhbərliyi altında çempionata İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Elman Muxtarov (66 kq), Hacımurad Bağmanov (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Hacımurad Çöpsiyev (120 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Natiq Hacıyev və Asif Şirəliyev təmsil edəcək.


Müəllif: