6 May 2016 14:39
306

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya Təsnifat Turniri keçirilir.

Teleqraf.com-un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək.

İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Bu gün Azərbaycan təmsilçilərindən Rəsul Çunayev və Şalva Qadabadze yarışacaq.

66 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gəlib. Rəqibini 19 saniyədə məğlub edən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionumuz 1/8 finala yüksəlib. O, bu mərhələdə belaruslu Pavel Liaxla güləşəcək.

Digər təmsilçisimiz Şalva Qadabadze mübarizəyə 1/8 finaldan qoşulacaq. 98 kq çəki dərəcəsində yarışan Qadabadze ilk görüşündə avstriyalı Daniel Qastla üz-üzə gələcək.

Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.


Müəllif: